BU DÜNYADAN BİR ŞƏHRİYAR KÖÇDÜ…

BU DÜNYADAN BİR ŞƏHRİYAR KÖÇDÜ…

 

Şəhriyar Canıyev…Şəhriyar adı Azərbaycan xalqı üçün nə qədər müqəddəs, doğmadırsa, Canıyev soyadı da bir o qədər şöhrətli, şanlı, şərafətlidir. Məşhur Rövşən Canıyevin- Lənkəranskinin dosdoğma əmisi oğlu idi mənim qəhrəmanım. Polis idi, kasıbların dostu, qohumlarının sevimlisi, ailəsinin əzizi idi. Cəmi 53 il yaşadı… Bu 53 ildə heç kimin qəlbini qırmadı, xətrinə dəymədi , kasıba əl tutdu, dosta pənah, qohuma ümid yeri oldu Şəhriyar. Dostları sadə adamlar: müəllimlər, həkimlər, fəhlələr, ustalar, sənətkarlar oldu.
Xasiyyəti kimi sadə bir həyat hekayəsi var Şəhriyarın. Sadə, amma ləyaqətli. Sənədlərdə Qurbanov soyadını daşıyır.1970-ci ildə Lənkəran şəhərinin Kiçik Bazar məhəlləsində anadan olub, 6 nömrəli məktəbi bitirib. Ali təhsilini BDU- nun hüquqşünaslıq fakültəsində alıb. Sonra Ukraynanın Donetski şəhərində Ali Polis Akademiyasını bitirib. 1997-ci ildə Prezidentin sərəncamı ilə Astara rayon Cinayət Axtarışları Şöbəsinin rəisi vəzifəsinə təyin edilib, 2006-cı ilə qədər bu vəzifədə çalışıb. 2006-cı ildə Lənkəran rayon Cinayət Axtarışları Şöbəsinə rəis təyin edilib və 2010-cu ilə qədər həmin vəzifədə çalışıb. 2010-cu ildən 2022-ci ilə qədər Heydər Əliyev adına Lənkəran Hava Limanının rəisi işləyib. Polis mayoru rütbəsinədək yüksəlib. İşlədiyi müddətdə qanunsuz həbslər, şəratmalar olmayıb. Onun həbs etdiyi adamlar həqiqi cinayətkarlar, narkobizneslə məşğul olanlar olub. Polis olsa da, həbsdən buraxılan adamların cibinə pul qoyub evlərinə yola salan bir adam idi. Övladlarının , xüsusən qızının başına pərvanə kimi dolanırdı. Onları məktəbə aparanda dəfələrlə bağrına basırdı, müəllimlərinə hörmət və rəğbətlə yanaşırdı.
Şəhriyar ailənin tək oğul övladı, üç bacının tək qardaşı idi. İki bacısı: Mehparə və Yeganə həkimdirlər. Sinəsinə oğul dağı çəkilən ana -Hacı xanım , qardaşlarının vaxtsız vəfatından hələ də özlərinə gələ bilməyən bacılar, qohumlar, dostlar, tanışlar, qonşular ona Allahdan rəhmət diləyirlər.
Biz də əziz dostumuzun, qardaşımızın, həmyerlimizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik.
Hamı təəssüflənir, hamı…Tanıyanlar, bilənlər, eşidənlər – bir sözlə, hamı…
Dünyadan bir Şəhriyar köçdü. Dünyadan köçsə də, ailəsinin, dostlarının, qohumlarının, tanışlarının ürəyinə əbədi köçdü…

Ceyran Həsənova

AJB-nin üzvü

Müstəqil.az

Share: