Bu gün Oskar mükafatı laureatı, görkəmli aktyor Robert de Nironun doğum günüdür.
Kulis.az bu münasibətlə aktyorun az tanınan 5 filmini təqdim edir.
Qorxu burnu (1991)
Meks Kedi illər sonra həbsxanadan çıxan təcavüzkardır. Vəkili Sem Bouden isə qəsəbələrin birində qızı və həyat yoldaşı ilə yaşayır. Sem Meksin cahilliyindən istifadə eləyib sənədlərdən birini gizlədib. Nəticədə, Meks həbsxanaya düşüb.
Meks artıq ağıllanıb, intiqam almaq üçün qəsəbəyə gəlib və Semin 15 yaşlı qızına göz qoyub.
Sem ilə həyat yoldaşı Lorinin aralarındakı gərginlik Meksin işini daha asanlaşdırır.
Oyanışlar (1990)
Robert de Niro və Robin Uilyamsın baş rollarında olduğu bu film Oliver Saksın eyniadlı avtobioqrafik romanı əsasında ekranlaşdırılmışdır. Uilyams filmdə yeni dərman icad edən asosial həkimi canlandırır. Dərin yuxuya gedən xəstələrin arasında ilk oyanan isə Robert de Nironun personajı Leonard Loudur.
Komediya kralı (1982)
Martin Skorseze imzalı bu filmdə Robert de Niro həvəskar, amma xəyalpərəst stəndapçı Rubert Papkini canlandırır.
Yaxşı çoban
De Nironun özünü rejissor kimi sınadığı filmlərdən. Mett Deymon və Ancelina Colinin baş rolları canlandırdığı film Berlin Film Festivalında mükafat qazanmış, eyni zamanda, baş mükafata – Qızıl Ayıya namizəd olmuşdur.
Marvinin otağı
Li və Bessi illər əvvəl bir-birindən uzaqlaşan 2 bacıdır. Li çılğın, öz həyatını yaşamaq istəyən biridir. Bessi isə ailəcanlıdır. Elə buna görə də atası Marvin və onun qəribə bacısı Ruta baxmaq üçün Floridadakı ata evinə qayıdır. Bir müddət sonra Bessi müxtəlif testlərdən sonra həyatının təhlükədə olduğunu öyrənir. Leykoz diaqnozu qoyulan Bessi üçün yeganə xilas yolu qanından olan birinin iliyinin ona köçürülməsidir