Şeirlərim riyazi hesablamalar üzərində qurulmur – Əli Şirin Şükürlü

-Əli Şirin müəllim, sizin  poeziyanızda bir dəqiqlik, elmiıik görünür. Sanki poeziyanız dəqiq elmlərin davamıdır.  Demək olarmı ki, elmin izahını şeir dili ilə verirsiniz?

-Belə demək mümkündür, hardasa. Çünki bədii yaradıcılığım əsasən elmi-fəlsəfi informasiyaların bədii mətnə gətirilməsi əsasında  qurulur. Amma bu mətnlərdə elmin izahı verilmir, sadəcə mövzu kimi seçilmiş hadisəyə adekvat elmi informasiyanın fəlsəfəsindən istifadə olunur.  Elmin informasiyanın, elmi nəticələrin izahı elə elmin özündə verilir.

– Sizin elmi və bədii yaradıcılığınızın bir-birinə mane olmadığı anlaşılır, şeirləriniz riyazi hesablamalar üzərində qurulur deyəsən?

– Şeirlərim riyazi hesablamalar üzərində qurulmur. Yuxarıda qeyd etdiyim kimi, elmi informasiyaların, o cümlədən riyaziyyata aid anlayışların, nəzəriyyələrin hadisə ilə bağlı fəlsəfəsindən yararlanıram. Bu da mənim illərlə formalaşmış elmi-bədii laboratoriyamın doğurduğu üslubdu. Elə buradan çıxış edərək, növbəti dəfə deyirəm ki, mənimçün bədii yaradıcıq da elm kimi axtarış, tədqiqat və nəhayət, düşüncə məsələsidir.Ona görə də elmi və bədii yaradıcılığım daha çox bir-birindən bəhrələnir.

-Siz dəqiq elmlər üzrə müdafiə etsəniz də, daha çox şair kimi tanınırsız. Sirri nədədir?

-Sirr yoxdur. Mən elmi dairələrdə elm adamı kimi də tanınıram, yazar kimi də. İctimai-ədəbi mühitdə də həmçinin. Bir müddət elmi axtarışlarım, elmi nəticələrim elmin çox maraqlı sahəsi – Ehtimal nəzəriyyəsi ilə bağlı olub. Ehtimal nəzəriyyəsi elə elm sahəsidir ki, predmetini təsadüfilik təşkil etsə də, tədqiq etdiyi obyekti riyazi metodlar vasitəsilə öyrənir. Topladığım elmi təcrübə müəyyən zamandan sonra məndə düşüncə müstəvisində yeni konsepsiyalar yaratmaq ideyası doğurdu və elmi yaradıcılığımın istiqamətini bu səmtə yönəltdim. Bu konsepsiyaları gerçəkləşdirmək də isə ilk silahım, təbii ki, elm, elmin fəlsəfəsi və ədəbiyyat oldu.

– Bilirik ki, tək şeirlərinizdə deyil, eyni zamanda elmi nəzəriyyələrin ədəbi mətnlərlə ələndirən yazılar yaranıb. Bu haqda danişardınız.

– Mən artıq elə o barədə danışmağa başlamışam. Bir əsərim –  “Dünyaya yeni baxış” fəlsəfi esse riyazi qanunauyğunluq əsasında işlədiyim fəlsəfi sistem barədədir. Təklif etdiyim bir konsepsiya da “İntelektual poeziya barədə mülahizələr” əsərimdə yer alıb. Bu əsərdə intelektual şeirin yaranması barədə model təqdim edirəm. Bu modeli üç parametr müəyyən edir: elmi informasiya – fəlsəfi düşüncə – bədii təfəkkür. Yəni bu model elmi informasiyanın fəlsəfəsinin bədii mətnə gətirilməsi texnikasını ifadə edir.  Yəqin oxucuların bir qismi hər iki konsepsiya və bu konsepsiyalara ayrı-ayrılıqda verdiyim şərhlərlə müxtəlif mətbu orqanlarda tanış olublar.

– Bəs bu yeniliklər sizə başağrısı olmur ki?

– Təbii, harda yenilik varsa, orda müxtəlif münasibətlər də var, müəyyən məqamlarda müəyyən çətinliklər də qaçılmazdı. Heç bir yenilik asanlıqla və birmənalı qəbul olunmur. Amma mənimçün əsas olan yaratdığım nəzəriyyələrin mükəmməliyidir. Və bu istiqamətdə daim təkmilləşməyə, eyni zamanda yeni materiallar öyrənməyə, axtarışlara özümdə böyük ehtiyac hiss edirəm. Yəni hesab edirəm bu konsepsiyalarla bağlı hər şey bitməyib və elə çox axtarışlara ehtiyac var.

– Əslində sizin yazdığınız şeirləri məntiqi məsələ də adlandırmaq olar. Düşünürsünüz ki, bu şeirləri oxucu ilk oxuduğu andan məğzini, mənasını anlayır?

– Yox, yazdığım bədii mətnlər məntiq məsələsi deyil, amma oxucudan müəyyən səviyyədə intellektual hazırlıq tələb edən mətnlərdir. Bu mənada hazırlığı aşağı oxucu bu mətnləri nə ilk oxuduğu an, nə də, əgər öyrənmək istəmirsə heç vaxt anlamayacaq. Bu formatda mətnlər  ədəbiyyatın  xüsusi qolunu təşkil edir və bu mətnlərdən bədii zövqü onlar üzərində düşünməyi sevən oxucular ala bilər. Elə bu mənada da belə mətnlərin oxucu auditoriyası böyük olmur.

-Ümumiyyətlə, başa düşülürsüzmü?

-İndi fikirləşirəm bu suala necə cavab verim. Çox zaman özümə də məlum olmur başa düşülürəm, ya yox. Amma o mətnlər ilk növbədə özüm üçün maraqlıdı. Həm də bilirəm ki, başa düşənlər də var, dəyərləndirənlər də və eyni zamanda dəyərləndirməyənlər də. Qısası, yaradıcılığıma olan bütün münasibətlərə oxuculara tolerant yanaşıram.  Təki bu, yalnız inkar mövqeyindən dayanmaq naminə olmasın. Çünki elə şəxslər olur ki, mövzunu anladı-anlamadı hər vəclə inkar etməyə köklənir, bax bunu heç sevmirəm.

-Ümumiyyətlə, Azərbaycan oxucusu belə şeirlərə intellekt səviyyəcə hazırdırmı ya bunun üçün müəyyən zamana ehtiyac varmı?

-Söhbət təkcə Azərbaycan oxucusundan getmir. Dünyanın hər yerində intellektual bədii mətnlərə münasibət fərqlidi, həm də elə hər yerdə hazırlıqlı oxucu da var, hazırlıqsız oxucu da. Bu mənada oxucunu qınamaq istəməzdim niyə məni oxumursan və ya sevmirsən. Hər kəsin öz zövqü var, hansı müəllifin əsərləri ürəyincədi onları da oxuyur. Hər qabın öz tutumu olur, artığını götürməz.

-Bilirik ki, digər sahələrdə çalışan bir çox insanlar (yəni bu bütün sahələrə aiddir professor, həkim,müəllim vəs)yorulan zaman poeziya ilə dincəlirlər. Sizin şeirləri oxuyan zaman belə bir komfort yaranarmı?

– Dedim axı, bu tip mətnlərin öz oxucusu var, informativ mətnləri sevən kəslər elə intellektual səciyyəli mətnlərlə dincələ bilərlər, sənətindən, peşəsindən asılı olmayaraq. Hesab edirəm müəllifi olduğum mətnlərlə dincələnlər var və bunu peşəsindən asılı olmayaraq yazılan, söylənilən fikirlərdən, rəylərdən çıxış edərək söyləyirəm. Deyəsən, sizinlə müsahibə ərzində ilk dəfədi təvəzökarlıq etmədim.

– Ədəbiyyat zövq məsələsidir. Bəzi gənc yazarlar yaşlı nəslə, haqq dünyasına qovuşanlara dil uzadır, az qala nəşinə əl atırlar, bu bir qəhrəmanlıqdırmı?

– Təhqir heç vaxt qəhramanlıq sayıla bilməz. Qaldı etika çərçivəsində fikir bildirməyə, bu məsələdə məndudiyyət yoxdu. İctimai-siyasi, sosial, mədəni və s. statusundan asılı olmayaraq hər bir kəsin fəliyyəti barədə məntiqə, arqumentlərə söykənən fikir bildirmək qəbahət deyil.

Məsələn, o gənclər niyə indi yaşayan, yazaıb yaradan vəzifəli qələn adamlarını tənqid etməkdən çəkinir? Baxın o adamlar ki var yazarları zəif yazıçı olmaqda təqsirləndirirlər, olmaz ki, zəif həkimi, polis işçisini, sərkərdəni, maliyyəçini tənqid etsin? Buna gücləri niyə çatmır axı, yazıçının əsəri zəifdir, oxuma. Amma digər sahələrin zəifliyi ölkəni, xalqı uçruma aparır axı.

-Mənə elə gəlir ki, gənclər hər bir sahəyə aid şəxslərin fəaliyyəti ilə bağlı tənqidi fikirlər söyləyirlər. Və fikir söyləıyən bu gənclərin arasında etikalı, hadisəyə savadlı münasibət göstərən gənclər də az deyil.

-Əli Şirin bəy, bir qədər də son yaradıcılığınızdan bəhs edək.

-Son elmi yaradıcılığım yuxarıda qeyd etdiyim konsepsiyaların təkmilləşməsi istiqamətindədir. Çünki hər hansı bir konsepsiya təqdim olunursa onun təkmilləşməsi istiqamətində mütəmadi çalışmaq lazımdır. Bildiyiniz kimi, hazırladığım bu konsepsiyalar əsasında son illərdə  “Ədəbi suprematizm” adlı ədəbi-fəlsəfi cərəyan təqdim etmişəm və təklif etdiyim modelə əsaslanan bütün bədii mətnlərin bu cərəyan altında sistemləşməsini, tədqiq olunmasını arzulayıram. Hazırda elə bu cərəyana aid bir esse üzərində işləyirəm və yaxın günlərdə bir neçə intellektual poeziya nümunəsi yazmışam və aşağıda onlardan bir neçəsini hörmətli saytınıza minnətdarlıq hissi ilə təqdim edəcəyəm.

-Necə düşünürsüz, ədəbiyyat dünyanı xilas edə bilərmi?

-Dünyanı Tanrıdan savayı heç kim və heç nə xilas edə bilməz. Ədəbiyyat isə bəşəriyyətə, insanlığa bəxşiş – düşüncə şəbəkəsi olaraq çox böyük estetik hadisədir.

 Zeynəb Alıyeva

 

ƏDƏBİ SUPREMATİZMƏli Şirin Şükürlü

“Papanin”də zaman maşını

 

Gözlərin, əllərin, ayaqların toxunmaq istədiyi

o qədər şeylər var ki.

O qədər şeylər var ki, zaman keçdikcə

daha çox toxunmaq istəyirsən

gözlərinlə, əllərinlə, ayaqlarınla.

 

Neçə ildən sonra

yolum şəhərin Papanin adlanan məhəlləsinə düşdü –

Bakının “Papanin”inə; ayaqlarım axtardı, gözlərim gəzdi,

əllərim asılı qaldı

həyatın on ilinin keçmişə yuvarlandığı yerdən.

 

Fərqi yox keçmişlə gələcəyin, düşünürəm,

hər ikisi – Zaman;

sadəcə, keçmiş gələcək olur əvvəlcə,

gələcək də an-an dönür keçmişə.

 

Axtarma!

Onsuz da tapa bilməzsən gələcək hansı anda dönür keçmişə;

aramsız dönür çünki, – kəsilməz. Qırılmır ki hardasa.

Qırılmır ki, tutasan qırılan yerdən və “tapdım” deyəsən.

 

Papanində yeni uca binalar, təzə iri marketlər tikilib

gecəqondulara üz alan və illərdi yolunu dəyişməyən

elə həmən köhnə, qədim yolun kənarlarında.

 

Gözüm gəzə-gəzə, axtarınca ayaqlarım sürüşdüm birdən

və tutdum yol kənarındakı iri təzə “Rahat” marketin

gözoxşayan, günəşdən bərq vuran məhəccərindən;

axtardım, gəzdim və nəhayət, toxundum, özü də

bətk-bərk – ikiəlli, zaman maşınının parıltılı dəstəyinə.

 

Hər şey zaman imiş təkcə, zaman – düşüncəm haçalanır üç yerə;

gələcək, indi, keçmiş.

Qalan nə varsa, – olan, olmayan, olacaq, olmayacaq nə varsa

təzahürü zamanın, görüntüsü sadəcə.

Və bütün görüntülərsə illüziya – aldanış…. – 18.09.2017

 

 

 

 

 

 

ƏDƏBİ SUPREMATİZM:

sokratla polemika

 

harda axtarım həqiqəti –

adi hadisələr qarşısında aciz qalıram bəzən.

 

şəhəri başına alan külək

hara sovruldu bir anda; o qədər çaşqınlıq gətirmişdi,

sual işarəsinə dönmüşdü adamlar,

qarşısında cavab əvəzinə

toz dənələrindən ibarət sonsuz nöqtələr.

 

bayaqdan pəncərəni döyəcləyən

yağış damcılarından nə qaldı – günəş doğan kimi

buxara dönən və pəncərə şüşəsində yaşayan sarı ləkələrdən savayı.

bayaqdan nə qədər məyusluq, məyusluq içində nə qədər xatirələr,

xatirələr içində nə qədər ümidlər çırpırdı pəncərə şüşəsinə;

indi təkcə buxardan və sarı ləkələrdən ibarətdi görəsən? –

günəş qənim kəsildi həyat dolu mənzərəyə,

bir “həyat” uddu başqa birini gözgörəsi.

 

o qədər şeylər var ki,

dərin və dayaz – hamısı

dairə kimi hər yandan qapanıb çevrəvari;

 

quyuya atılan daşın

doğurduğu səda qalxıb üzü yuxarı harda çevrildi sükuta,

yenidən harda pozuldu səssizlik, yenidən harda dönəcək sükuta,

enəcək üzü aşağı.

 

qayanıb quyuya sevincək daş atan,

dərinlikdə uyuyan səssizliyi oyadan,

sükutu pozan o balacanı harda nə vaxt görmüşəm? –

elə indi birinci dəfə, amma çox tanış gəlir mənə,

bəlkə yuz il, bəlkə min il, bəlkə milyon il əvvəl hardasa.

bəlkə hardasa, yüz il, min il, milyon il sonra.

 

harda dayansan

o nöqtədən açılar üzünə hüdudsuzluq –

sonsuzluq harda yetişər “son”a?

 

sokrat – dünyanın ən çirkin və ən ağıllı adamı

keçsə əlimə bilirsən nə edərəm baxıb gözlərinə –

soruşaram ki…

(bilirsən, doğma adamın intiharından sonra necə ağır olur yaşamaq).

 

nə qədər düşünsən o qədər fikir doğulacaq

qarşısında sual işarəsi – etinasız deyir qoca müdrik

yüz il, min il, milyon il əvvəl və

yüz il, min il, milyon il sonra.

 

gözlərindən sürüşən gözlərimi qapayıb əllərimlə,

dönüb sual işarəsinə zarıyıram milyon illərdi:

bilirəm “heç nə bilmirəm”.

 

 

 

 

 

gecə, səhər və şəhər

(minimalist şeir)

 

gecə

gecə gecə

gecə gecə gecə

necə necə necə

 

neçə neçə neçə

gecə gecə gecə

gecə gecə

gecə

səhər

 

səhər səhər

səhər səhər səhər

şəhər

 

şəhər şəhər

şəhər şəhər şəhər

insan

insan insan

insan insan insan

şəhər insan insan şəhər

səhər gecə gecə səhər

…………………………….

sonsuzluq harda bitər?!

 

25.01.2018

 

Share: