Azərbaycan sevdalısı Şəmsəddin Kuzəçi

            Azərbaycan sevdalısı Şəmsəddin Kuzəçi

Kərküklü tədqiqatçı, jurnalist, yazar Dr. Şəmsəddin Kuzəçi 1976-cı ildən bəri Azərbaycan eşqi ilə yaşayan İraq Türkmənidir. Hələ orta məktəbdə oxuduğu zamanlarda Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı ilə tanış olmuş və sevmişdir. Şəmsəddin Kuzəçi orta məktəbdə oxuduğu zamanlarda sovet radiosunun ərəb bölməsindən Azərbaycanla bağlı ona göndərilən kitab və açıqcalar sevgisini bir az da dərinləşdirmişdir.

S.Kuzəçi Bağdadda nəşr olunan “Qardaşlıq” jurnalı və “Yurd” qəzeti vasitəsilə Azərbaycan ədəbiyyatını, onun ziyalılarını tanımışdır.

Ş.Kuzəçi 1991-ci ildə İraqda olarkən Azərbaycandan Bağdada gələn ədəbiyyat və incəsənət adamları ilə görüşmüş və onlarla dostluq əlaqələri yaratmışdır. Onların arasında prof., şair Qasım Qasımzadə, şair Nəbi Xəzri, prof. Kamil Vəli Nərimanoğlu ve muğam ustası Hacıbaba Hüseynov və başqaları olmuşdur.

Dahi Azərbaycan şairi Füzulinin İraqda keçirilən 500 illik yubileyində 128 nəfərlə iştirak edən Azərbaycan heyəti ilə Ş.Kuzəçi 1994-cü ildə Kərkükdə tanış olmuşdur. Azərbaycanın Dövlət Televizyasının (AZTV) “Turan” proqramının aparıcısı Mailə xanım ondan müsahibə aldığı zaman Azərbaycana böyük sevgisini bildirmişdir. Bu müsahibə Ş.Kuzəçinin Azərbaycan sevgisini daha da artırmışdır.

Ş.Kuzəçinin Azərbaycana olan sevgisi İraqda nəşr olunan “Yurd” qəzeti və “Qardaşlıq” jurnalı vasitəsilə daha da dərinləşmişdir. Onların vasitəsilə Azərbaycanın şair və yazarlarının əsərlərini oxumuşdur. Bunlardan başqa, əmisi Əbdülvahid Kuzəçinin oxuduğu bayatılar, Kərkük və Azərbaycan mahnılarını da əzbərləmiş və onlardan ilham almışdır.  Səməd Vurğunun “Leyla balam, ay Leyla”, Rəsul Rzanın “Gülə-gülə” şeirlərndən çox təsirlənmişdir.

Ş.Kuzəçi İraqda bir toyda şeir oxuduğu üçün 3 ay müddətinə həbs edilir. Azad olunduqdan sonra Türkiyəyə qaçmaq məcburiyyətində qalır. 1996-cı ildən sonra Ş.Küzəçi Türkiyədə yaşayır. 1999-cu ildə Kərkük Vəqfinin açılışında, mənim “İraq Türkmən folkloru” kitabımın təqdimat mərasimində onunla ikinci dəfə üz-üzə gəldik və ona imzalı kitabımı verdim. Bundan sonra Ş.Kuzəçinin Azərbaycan şair və yazıçıları ilə əlaqləri daha da yaxşılaşdı.

Kərkük sevdalısı Qəzənfər Paşayev - Dr. Şəmsəddin Küzəçi, Dr ...

Ş.Kuzəçi Dünya Türk Gəncləri Birliyinin 4-11 sentyabr 2000-ci il tarixlərində Azərbaycanda keçirdiyi X Türk Dünyası Gənclik Günləri və Qurultayında iştirak edir və ilk dəfə olaraq Bakıya gəlir. Qurultayda tanış olduğu ilk Azərbaycanlı Əkbər Qoşalı olur. Bu səbəbdən də Dünya Gənc Türk Yazarlar Birliyinin sədr müavini və Beynəlxalq əlaqələr üzrə koordinatoru seçilir.

Ş.Kuzəçinin Azərbaycana ilk ziyarətindən sonra Azəbaycan ilə İraq Türkmənləri arasında yeni bir mərhələ başlayır. Azərbaycandan Abbas Zamanovun, Rəsul Rzanın, Qasım Qasımzadənin, Bəxtiyar Vahabzadənin və Qəzənfər Paşayevin, İraqdan Əbdüllətif Bəndəroğlunun, Sinan Səidin yaratdıqları mədəniyyət və dostluq körpüsü yenidən möhkəmləndi. Ş.Kuzəçi var gücüylə, gecə-gündüz bilmədən bu dostluğu və mədəni əlaqələri yenidən canlandırmaya çalışır.  Onunla birlikdə Azərbaycandan Qənirə Paşayeva, Əkbər Qoşalı, Rəsmiyyə Sabir, Güllü Yoloğlu, Azər Həsrət, Elçin İsgəndərzadə, Aygün Həsənoğlu kimi isimlər bu müqəddəs işə könül veriblər. Hazırda Ş.Kuzəçinin ətrafında onlarla yaşlı və gənc Azərbaycan ziyalısı və yazarı ona dəstək olaraq bu əlaqələrin möhkəmləndirilməsinə çalışırlar. Buna görə də S.Kuzəçi İrağın Bakı Səfirliyindən 2019-ci ildə rəsmi təşəkkür də almışdır.

Ş.Kuzəçi 2001-ci ildə Azərbaycan Nizami Gəncəvi Müzeyində mənim təşəbbüsümlə “İraq Türkmən ədəbiyyatı və mədəniyyəti müzeyi”nin yaradılmasında yaxından iştirak etmişdir. O, həmin vaxt İraq Türkmən Cəbhəsində vəzifə tuturdu. Dr. Mustafa Ziya ilə müzeyi lazım olan əşyalarla təmin etdilər və müzeyin açılışına gəldilər.

Ş.Kuzəçi mərkəzi Azərbaycanda olan Dünya Gənc Türk Yazarlar Birliyinin 15 il sədr müavini və Beynəlxalq əlaqələr üzrə koordinatoru olmuşdur. Türkiyə, Türk dünyası və İraqda onlarla kitab yayınlamış, xidmət mükafatları təsis etmiş və çox sayda tədbirlər keçirmişdir. Həm Azərbaycan, həm də İraq Türkmənlərini tanıtdırmağı özünə bir vəzifə bilmişdir. Azərbaycanın haqq mübarizəsində bir Türkmən gənci kimi qəzet, TV və sosial mediada dəstəyini əsirgəmədən, dəfələrlə Azərbaycanın sərhəd bölgəsinə gedib Azərbaycan əsgərinə mənəvi dəstək vermişdir. Buna görə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədrindən rəsmi təşəkkür də almışdır.

Ş.Kuzəçi Türk dünyasında, Azərbaycan, İraq və Türkiyə arasındakı mədəni əlaqələrin təsis olunmasında göstərdiyi səmərəli fəliyyətindən dolayı, 500-ə qədər mükafat, medal, plaket, təqdirnamə almışdır, habelə Türk dünyası birliklərinə fəxri üzv seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Türk Dünyası Ağasaqqallar Birliyinin diplomlarını, 2006-cı ildə isə “VEKTOR” Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri professor” adını almışdır. Ayrıca, 2023-cü ildə Azərbaycanda Ədəbiyyat qəzetinin Redaksiya heyətinin üzvü seçilmişdir. 60-dan çox kitabı nəşr olunub. Əsərləri rus, ərəb, habelə Azərbaycan və digər türk dillərinə tərcümə edilmişdir.

Bu kitabda dəyərli qardaşımız Dr. Ş.Kuzəçinin bir Azərbaycan sevdalısı olaraq fəaliyyətlərini işıqlandıracayıq. Həyatı, şeirləri, əsərləri haqqında Azərbaycan ziyalılarının fikirlərini verəcəyik. Təbrik edirəm, Azərbaycan sevdalısı Şəmsəddin Kuzəçi qardaşım!

Professor Qəzənfər PAŞAYEV

Bakı, 2023

Share: