Bu gün tanınmış şair İlqar Fəhminin doğum günüdür.
Kulis.az bu münasibətlə onun “Məni axtar” şeirini təqdim edir.
Məni axtar darıxanda
Səni qəm-qüssə sıxanda,
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda…
Məni axtarma hər axşam,
Yığışıb şənlik edəndə,
Yenə də barda, kafedə
Ötəri gün keçirəndə…
Məni axtar darıxanda.
Dadı şit qəhqəhələrdən
Bezikib təngə gələndə,
Taparaq nəysə bəhanə
Yenə küncə çəkiləndə.
Məni axtar.
Məni axtar darıxanda.
Bir həzin mahnı səsindən
Qədəhin əldə donanda,
Sürüşüb donmuş əlindən
Düşərək, yerdə sınanda.
Məni axtar.
Məni axtar darıxanda.
Çıxıb hay-küylü salondan
Dayanıb fikrə gedəndə,
Kafenin boş foyesində
Siqaret tüstülədəndə
Məni axtar.
Məni axtar darıxanda
Məni axtar gecəyarı
Yolunu taksi kəsəndə,
Dayanıb yol kənarında
Büzüşüb tir-tir əsəndə.
Məni axtar,
Məni axtar darıxanda.
Küçədə, yolda yağışlar
Sevişəndə, gülüşəndə,
Maşının pəncərəsindən
Üzünə damcı düşəndə,
Məni axtar.
Məni axtar darıxanda.
Məni axtar boş otaqda
Yoluna gölgə çıxanda,
Soyumuş güzgüdə bir qız,
Sənə hiddətlə baxanda.
Məni axtar.
Məni axtar darıxanda.
Məni axtar darıxanda
Səni qəm-qüssə sıxanda.
Yorulub sərsəm həyatdan
Gözünün yaşı axanda.
Məni axtar
Məni axtar darıxanda.
Çıxmaram bircə sözündən
Səni allam yer üzündən,
Çəkərəm mavi səmaya
Öpərəm nəmli gözündən…