Federiko Qarsia Lorka, şair
Bu gün görkəmli ispan şairi, 38 yaşında faşistər tərəfindən qətlə yetirilən Federiko Qarsia Lorkanın anım günüdür.
Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Kənd
Çılpaq dağın ətəyində
balaca kilsə.
Qaranlıqda gözə dəymir
bir özgə kimsə.
Gözyaşıtək duru sular
çatıb qaşını,
Qoca zeytun ağacları
əyib başını.
Dar küçədə arxalıqlı
beş-üç adam var.
Bir də qüllənin başında
tanış yelqovan –
Bütün günü hey fırlanır
ara vermədən,
Gecə-gündüz, gündüz-gecə –
sonsuza qədər.
Sən ey mənim qəmli yurdum,
ah, Əndəlüsüm,
Göz yaşında itib-batmış
kəndim, ulusum…
Üç çay haqqında kiçik ballada
Axır Qvadalkivir
portağal bağlarının kölgəsində.
Axır iki çayın, ey Qranada,
axır qarlı dağların zirvəsindən.
Ah, bu sevgi
bir daha dönməz geri!
Od tutub alışır nar çiçəkləri
qıvrıla-qıvrıla axan sularda.
Axır iki çayın, ey Qranada,
biri göz yaşıyla, o biri qanla.
Ah, bu sevgi
əsdi-keçdi meh kimi!
Sevilyada göz oxşayan yol da var
ağ yelkənli qayıqçılardan ötrü.
Sənin çaylarında, ey Qranada,
üzən yalnız ahlar, iniltilərdi.
Ah, bu sevgi
bir daha dönməz geri!
O çaylar dənizə qovuşan yerdə
bir cüt uçuq kilsə, bir çan qülləsi.
Limon bağlarında, ey Qranada,
yenə soyuq-soyuq küləklər əsir.
Ah, bu sevgi
əsdi-keçdi meh kimi!
Daşıya bilərmi sular, görəsən,
bu ağrının yanğısını sonacan?
Ah, bu sevgi
bir daha dönməz geri!
Yox, bu çaylar Əndəlüs dənizinə
portağal çiçəyi aparır ancaq…
Ah, bu sevgi
əsdi-keçdi meh kimi!
Son nəğmə
Şər qarışır.
Süzülür
Ayın işığı
axşamın qaranlığına.
Şər qarışır.
Ağaç
geyinir əyninə
nəğmənin lal sözlərini.
Şər qarışır.
Üz-gözündə Ay işığı,
qoşulursan o nəğməyə;
Lal sözlərin cığırıyla
gəlirsən məni görməyə.
Şər qarışır.
Qoca qovaqlar görürsən
gəlib yanıma çatanda.
Və məni ağlar görürsən
o dörd qovağın altında.
Atlının nəğməsi
Kordoba
uzaqlarda tək-tənha.
Ay başımın üstdə,
köhlənim qara,
heybəm zeytunla dolu –
amma Kordobaya gedib çatmaram,
yaxşı tanısam da bu uzun yolu.
Gecə Ay qırmızı,
köhlənim qara,
geniş düzənlikdən keçdim yel kimi.
Qüllədən gözünü dikib yollara
əcəl Kordobada gözləyir məni.
Bu yollar nə qədər uzunmuş, Allah!
Atım çapıb gedir qorxu bilmədən.
Amma Kordobanı görməzdən qabaq
Qorxuram ölümlə qarşılaşım mən!
Kordoba
uzaqlarda tək-tənha.
Gözlənilməz
Köksündə qanlı bıçaq
səssizcə uzanıb qalıb küçədə.
Bu yerdə,
bu şəhərdə
tanıyan yox onu bircə nəfər də.
Necə də,
necə də titrəyir, Allah,
başının üstdəki yarımcan fənər!
Ağarır dan yeri,
açılır səhər,
açıq gözlərini döyür küləklər.
Di gəl,
bircə nəfər
qabağa durmur,
bağlamır yazığın göz qapağını.
Eləcə
uzanıb qalıb küçədə,
eləcə köksündə qanlı bir bıçaq,
bircə kəs də onu tanımır ancaq…
Tərcümə: Mahir N. Qarayev