Nüvə silahının tarixçəsi: Dünya artıq əvvəlki kimi olmayacaq

Nüvə silahının tarixçəsi: Dünya artıq əvvəlki kimi olmayacaq

Bu aralar nüvə silahından istifadə ritorikası dünya üzərində yaman artıb. Əvvəllər bu, ABŞ və SSRİ arasında yaşanan “soyuq müharibə”nin tərkib hissəsi idisə, bu gün prosesə başqa oyunçular da qoşulub. Ukrayna ilə müharibədən sonra isə Rusiyanın nüvə hədəsi daha da yüksəlib. 

“Kaspi” qəzetinin mövzu ilə bağlı yazısında deyilir ki, dünyada “Nüvə klubu”na doqquz ölkə daxildir və onlar da aşağıdakılardır: 

ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya (KXDR). İsrail barədə isə dəqiq məlumat yoxdur. Ola da bilər, olmaya da… 

Lakin bir sıra dövlətlər nüvə silahından könüllü imtina ediblər ki, onlar da CAR, Qazaxıstan, Ukrayna və Belarusdur. Son üç ölkə öz nüvə silahlarını Rusiyaya təhvil verib. 

Yəni, SSRİ dağılandan sonra nüvə silahı kimi qorxunc silahın beş əldə olmasındansa, dünya gücləri belə qərar verdi ki, bir əldə, Rusiyada olması daha yaxşıdır. İndi yaxşıdırmı, pisdirmi, bunu zaman göstərəcək. 

Eynşteynin ABŞ Prezidenti Ruzveltə məktubu 

Bəs yaxşı, nüvə silahı kimi qorxunc silahın meydana çıxma zərurəti nədən yarandı? İnsan övladının onsuz da, əsrlər boyu bir-birini məhv etmək üçün topu-tüfəngi var idi. Üstəlik, təbiət də zaman-zaman qorxunc epidemiyalar yaradaraq Yer kürəsində insanların sayını azaldırdı. 

Bəs, o zaman niyə alimlər “meymunun əlinə qumbara verdilər?”  Əvvəla ondan başlayaq ki, II Dünya müharibəsi illərində müxtəlif ölkələrin kəşfiyyat məlumatlarında Hitlerin nüvə silahına yiyələnməsi haqqında məlumatlar var idi. Bu isə qorxulu anons idi.  

Heç də təsadüfi deyil ki, iki avqust 1939-cu ildə Albert Eynşteyn ABŞ Prezidenti Ruzveltə bu barədə məktub yazır. Alim məktubunda bildirir ki, nasist Almaniyası nüvə silahının əldə olunması üçün fəal iş aparır. Tezliklə uran sayəsində meydana yeni və vacib enerji növü çıxacaq. Alim həmçinin məktubunda ABŞ-ni də bu istiqamətdə tədqiqata başlamağa çağırır. 

Gizli silah laboratoriyasına rəhbərlik edir

Beləliklə, ABŞ-də meydana “Manhetten layihəsi” çıxır. Bu layihəylə birgə son günlərin qəhrəmanı, haqqında çəkilən filmlə dünya kino prokatını ələ alan, istedadlı və parlaq fizik Oppenheymer də dünyada tanınır. 

O, 1942-ci ildə “Manhetten layihəsi”nin gizli silah laboratoriyasına rəhbərlik etməyə başlayır. Layihənin tədqiqat və inkişafının bir hissəsi Nyu-Meksiko ştatında, Los Alamosda qurulur və dünyanın ilk atom bombası məhz burada, 16 iyul 1945-ci ildə sınaqdan keçirilir. Kod adı “Triniti”, yəni “Üçlük” olan 21 kiloton trotil gücünə malik pluton bombasının birincisi ABŞ-də partladılaraq nüvə erasının əsası qoyulur. 

“Üçlüyün” qalan iki üzvü – “Little Boy” və “Fat Man” adlı iki nüvə bombası isə 1945-ci ilin avqustun 6-ı və 9-u Naqasaki və Xiroşimaya ABŞ hərbi hava qüvvələri tərəfindən atılır. Bu, nüvə bombasının müharibədə ilk istifadəsi kimi tarixə düşür.

Bununla da Yaponiya kapitulyasiya elan edir və atılan bombalar II Dünya müharibəsinin nəticələrində həlledici rol oynayır. 

Dünya artıq əvvəlki kimi olmayacaq

ABŞ-də nüvə silahının atası sayılan Oppenheymer ilk nüvə bombasının sınağından sonra narahatlığını bildirir. Bu silahın ciddi nəzarətdə saxlanılması barədə hökumətə çağırış edir. Openheymer anlayırdı ki, nüvə silahının kəşfindən sonra dünya artıq əvvəlki kimi olmayacaq. 

1960-cı illərdə verdiyi müsahibələrdə o, Bhagavad-Gitadan sitat gətirərək fikrini belə izah edir: “İndi mən dünyaları məhv edən ölüm oldum!”

Oppenheymer xalq qəhrəmanına çevrilir, şəkli “Times” kimi jurnalların üz qabığını zəbt edir, saysız-hesabsız müsahibələr verir. Prezident Trumen isə 1946-cı ildə Oppenheymeri “xidmətlərinə görə” medalı ilə təltif edir. Bir alim üçün bundan gözəl nə ola bilərdi ki? 

Hidrogen bombasının yaradılmasına qarşı çıxır

Oppenheymer dahi fizik olmaqla yanaşı, müxtəlif elmlər üzrə dərin biliyə malik, xarizmatik və insanlarla dil tapmağı bacaran biri idi. Onun elmi məqalələri, tədqiqatları elm ictimaiyyəti tərəfindən alqışla qarşılanırdı. 

O, 1947-1952-ci illərdə ABŞ-nin Atom Enerjisi Komissiyasının Ümumi Məsləhət Komitəsinə başçılıq edir. Alim-fizik hər zaman atom enerjisinin sülh məqsədiylə istifadəsinin zəruriliyini qeyd edir. 

O, hər zaman nüvə bombasından daha güclü olan hidrogen bombasının yaradılmasına qarşı çıxır. Lakin 31 yanvar 1950-ci ildə ABŞ Prezidenti Harri Trumen hidrogen bombasının yaradılması barədə əmr verir. 1952-ci ildə isə ABŞ ilk hidrogen bombasını gizli sınaqdan keçirir. 

Oppenheymerin sülh tezisləri bir müddət sonra hökumət tərəfindən onun barəsində “Oppenheymerin işi”nin qaldırılmasına gətirib çıxarır. Araşdırmada Oppenheymerin siyasi görüşlərinin dövlət maraqlarıyla üst-üstə düşməməsi göstərilir. Oppenheymer tutduğu bütün vəzifələrdən azad olunur. 

Bütün gizli nüvə layihələrindən uzaqlaşdırılır. Elmi kəşflərin bəşəriyyət üçün potensial təhlükəsindən narahat olan Oppenheymer 1960-cı ildə Albert Eynşteyn və digər görkəmli alim və müəllimlərlə birlikdə Dünya İncəsənət və Elmlər Akademiyasını təsis edir.

O, başda Albert Enşteyn olmaqla bir sıra görkəmli alimlərin fikriylə razılaşaraq bildirirdi ki, elmi kəşflər insanlıq üçün potensial təhlükə yaradır. 

Məşhur alim 18 fevral 1967-ci ildə Pristonda xərçəng xəstəliyindən vəfat edir.

Share: