Dilimi ağzımın boşluğuna sərmişəm – Güneydən şeirlər

Dilimi ağzımın boşluğuna sərmişəm – Güneydən şeirlər

Kulis.az “Sözün Güneyi” layihəsindən Hadi Qaraçayın şeirlərini təqdim edir.

Görüntü

Dəniz dalğaları ilə

ağac yarpaqları ilə danışır,

mən dilimi ağzımın boşluğuna sərmişəm, dincəlsin…

Yalan bazarına qız buraxmıram.

Bu an qum dilində

barmaqlarımla danışıram,

bax,

ovcumdan süzülən qumda sənin adın var.

***

Gözlərin

Qapılar açılacaq,

qapılar açılacaq,

qapı başı bir məndil açılacaq günəşdən

umudu umsunanlarla

sevgini sevənlərlə bölüşəcəyik.

Zoğal ağacları qıpqırmızı

gilənarlar yetgin

yosun quxusu,

Araz dumduru

və uçan bütün quşların qanadında sənin adın

söylə,

hansı dənizdə yuyunmuş sənin gözlərin bunca yaşıl?!

***

Xalı üstündə yazı

Günəşin ayıma

Suyun suyuma

Gecəm ulduzuna qarışıq ikən

Gözlərin qanıma

Odun canıma

Əllərin oduma alışıq ikən

Külümü yellərə necə verərsən?

İtburnu kolları bənək bənəkkən

Baramam odlanıb çal kəpənəkkən

Ürəyim ürəyim ələk-vələkkən

Sən məni ellərə necə verərsən?

***

Ağ köyənəyini

çoxdan soyunmuş badamlıqlar.

bahar

köçəməkdədir durnaların qatarında,

…qız gədiyin aşaraq.

Və yay

qırmızı almaların qoxusunda gəlir sevgilim,

Qərədüzdə.

Buğda sünbüllərin sarı səsində

arazdan qalxan küləklə

…oynaşaraq.

Keçəcək,

bu yay da keçəcək,

bitəcək sonbahar da,

şirin heyvaların qoxusu,

sənin gözlədiyin

…yetişməyəcək.

***

Gözləri tanrı güzgüsü olanım

gəl bu səhər.

Çiçək yuxusundan oyanmamış çiçəklər

ot yuxusundan otlar

və tanrı yuxusundan oyanmamış tanrılar

qaçırım səni cənnətin yeddinci qapısından.

Mənə var bayat qızı

oyanmamış yuxusundan günəş,

keçirim səni yaşıl yamaclardan

durna gözlərin

yaşıl pərdəsinə bürünsün meşələrin.

Var, mənə var

axşamların qızıl qaşlarından keçirim səni

və dənizlərin mavi örtüyündən

və ilğımların sarı işığından…

Sonra

cənnətin ilkin qonağını alqışlasınlar

oyananda yuxusundan günəş,

çiçək yuxusundan çiçək,

ot yuxusundan otlar,

tanrı yuxusundan tanrılar

və oyananda

küçənizdən keçən dəliqanlılar…

Share: