Abşeron rayonu, Bakı-Sumqayıt şosesində yerləşən “Maqnomed MMC”nin metal məmulatları istehsalı zavodunda hazırda istehsalat prosesi heç bir təhlükəsizlik normalarına riayət edilmədən həyata keçirilir.
Bu iddia haqda “Qafqazinfo”ya “Maqnomed MMC partnyorları” şirkətindən məlumat verilib.
Şikayətçi təşkilatdan bildirilib ki, gələcəkdə baş verə biləcək fövqəladə halların baş verməsinin qarşısının alınması üçün bu müəssisə ilə bağlı təcili addımlar atılmalıdır: “2023 aprel ayında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin qərarına əsasən, yuxarıda qeyd olunan zavodun fəaliyyəti tamamilə dayandırılıb. Lakin sonradan hansısa Vüsal adlı şəxsin qanunsuz müdaxiləsi ilə zavod əvvəlki kimi heç bir razılıq sənədi olmadan fəaliyyətini davam etdirir. Metal istehsalı zavodunun hasarının yanı ilə AR Dövlət Neft Şirkətinin diametri 300 mm. olan çox enli neft-qaz borusu keçir.
Hasarın digər tərəfində isə daima qaynaq işləri və laqunda ilə iri metal lövhələrin kəsimi işləri görülür. Hamımıza yaxşı məlumdur ki, həm qaynaq işləri görülən zaman, həm də laqunda kəsimi icra edilən zaman metalların təmasından və sürtünməsindən irəli gələn qığılcımlanma və alışma prosesi yaranır. Qeyd etdiyimiz neft-qaz borusu ilə kənara uçan metal qığılcımları arasında məsafə o qədər azdır ki, sadə bir alışma nəticəsində çox güclü partlayış əmələ gələr. Bələ partlayışın miqyası isə 1000 tonlarla trotil partlayışı dağıdıcı təsir gücünə malikdir”.
Şikayətçilər qeyd ediblər ki, metal kəsimi və metalın qaynaq edilməsi ilə müşahidə olunan işlərin görülməsi xüsusilə təhlükəli risk daşıma kateqoriyasına aid olan və bilavasitə fövqəladə halların baş verməsi təhlükəsi daşıyan işlərə daxildir: “Bu cür risk daşıyan bir məsələyə aidiyyəti qurumların münasibət bildirməsini və zəruri addımların atılmasını xahiş edirik. Bu, həm dövlətimizin, həm də vətəndaşlarımızın təhlüksizliyi baxımından vacib və olduqca mühüm əhəmiyyət kəsb edir”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən saytımıza bildirildi ki, müraciətlə bağlı araşdırma aparılır.