Niger Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarması üçün 30 gün vaxt verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu müddət sentyabrın 3-də başa çatır.
Nigerdə üsyançıların yaratdığı “Vətənin Qurtuluşu Milli Şurası”nın nümayəndələri bildiriblər ki, Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkənin hakimiyyət orqanlarına Nigeri tərk etməyə məcbur etmək üçün Niamey bazasında yerləşdirilən fransız hərbçilərin qida, elektrik və su təchizatını kəsmək çağırışları var.
Xatırladaq ki, bu ilin 26-28 iyul tarixləri arasında Nigerin paytaxtı Niamey şəhərində hərbi çevriliş olub. Çevriliş nəticəsində ölkənin prezidenti Məhəmməd Bazum saxlanılıb və Prezident Qvardiyasının komandiri general Əbdürəhman Tiani hakimiyyəti ələ keçirib.