Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü ilə həyata keçirilən “Düşünən Azərbaycan Gənci” (DAĞ) kraudfandinq təhsil layihəsi çərçivəsində Sabirabad rayonunda yaşayan sosial təminatı aşağı, lakin yüksək potensialı olan 10 şagirdin (5 qız və oğlan) ali təhsil müəssisələrinə hazırlığına dəstək verilib.
“Qafqazinfo” xəbər verir ki, həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində bir il müddətində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 6-sı ödənişsiz əsaslarla, 4-ü isə ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olublar. Qəbul olunduqları ixtisaslara kimya mühəndisliyi, informasiya texnologiyaları, ibtidai sini müəllimliyi, aqronomluq, tarix müəllimliyi və s. daxildir.
“Dünən mən də gənclərlə görüşdüm, hər biri çox həyəcanlı və sevincli idilər. Ailələri və müəllimləri onlardan da sevincli idilər. Ödənişli əsaslarla qəbul olunan gənclərə söz verdim ki, müxtəlif sponsor tapmaqla onların təhsil haqlarının ödənilməsinə dəstək olmağa çalışacam” , – deyə Kamal Cəfərov bildirib.
Qeyd edək ki, bu şagirdlər “DAĞ” layihəsi çərçivəsində 3-cü buraxılış məzunlarıdır. Bundan əvvəl də, Sabirabad rayonunda 20 gəncin ali təhsil müəssisələrinə pulsuz hazırlığına dəstək verilib.