“Mançester Siti” İngiltərə Premyer Liqasının IV turunu da qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, əvvəlki turları itkisiz keçirən “şəhərlilər” bu dəfə doğma meydanda “Fulhem”dən güclü olublar – 5:1.
31-ci dəqiqədə Xulian Alvares Pep Qvardiolanın komandasını hesabda irəli çıxarıb. İki dəqiqə sonra Tim Rim tarazlığı bərpa etsə də, 45+5-ci dəqiqədə Natan Ake yenidən meydan sahiblərini önə keçirib. 59-cu dəqiqədə üçüncü qolu vuran Erlinq Holand 70-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirib. 90+5-ci dəqiqədə isə o, het-trik edərək matçda yekun hesabı müəyyənləşdirib.
“Mançester Siti” maksimum nəticə – 12 xalla vahid liderdir. “Fulhem” dörd xalla 12-ci yerdə qərarlaşıb.
Mövsümə iddialı başlayan “Tottenhem” turu darmadağınla başa vurub. London təmsilçisi səfərdə “Bernli”dən üstün olub – 5:2.
Hesabı dördüncü dəqiqədə Layl Foster açsa da, daha sonra Son Minin het-triki, Ceyms Müddisonla Kristian Romeronun qolları “Tottenhem”i qalib edib. 90+4-cü dəqiqədə Coş Braunhil ev sahiblərinin ikinci qolunu vurub.
Xalını 10-a çatdıran Ange Postekoqlunun komandası ikinci pillədədir. “Bernli”in xalı yoxdur və sonuncudur.
Londonun digər təmsilçisi “Çelsi” isə uğursuzluqla üzləşib. “Zadəganlar” doğma meydanda “Nottinqem Forest”ə uduzublar – 0:1. Yeganə qolu 48-ci dəqiqədə Entoni Elanqa vurub.
Dörd matçda dörd xal toplayan “Çelsi” 11-ci, altı xalı olan “Nottinqem Forest” doqquzuncudur.
Faiq Tahirov