Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı

Dünya ədəbiyyatının əvəzolunmaz 7 ingilis qadın yazarı

Kulis.az ingilis ədəbiyyatının ən önəmli hesab edilən 7 qadın yazarı haqqında məlumatı təqdim edir.



1. Afra Ben
– 14 dekabr 1640-cı ildə anadan olan dramaturq, şair, nasir və tərcüməçi idi. İngiltərənin ilk peşəkar qadın yazarıdır və 20 il boyu ədəbiyyat dünyasında yeganə qadın olaraq adını tarixə qızıl hərflərlə yazdırıb. Yazıları ilə pul qazanan ilk ingilis qadınlarından biri kimi o, mədəni maneləri aşaraq qadın müəlliflərin sonrakı nəsilləri üçün ədəbi nümunə rolunu oynayıb. Kişilər aləmində yeganə qadın olaraq artıq qadınların nə qədər güclü olduğunu, kişilərdən asılı olmadığını, onların da yazıb pul qazana bildiklərini göstərib. Yazar kimi tanınmağa başlayandan qısa müddət sonra pyeslər yazmağa başlayır. O, Con Vilmot (C.Vilmot ingilis şairi və II Kral Çarlzın Bərpa Məhkəməsinin məhkəmə işçisi idi. O, bəzi çağdaşı tərəfindən “ən yaxşı ingilis satiriki” olaraq xarakterizə edilir – tərc.) kimi məşhur şairlər qrupuna aid idi. Ben Astrea pastoral təxəllüsü ilə yazıb. Bəzi yazıları ona hüquqi problemlər yaradandan sonra daha çox ədəbi janrda yazmağa və tərcümələr etməyə başlayıb. Stüartlar sülaləsinin sadiq tərəfdarı olan yepiskop Burnetin yeni kral III Vilhelmə qarşılama (salamlama) şeiri yazmaq istəyini rədd edib. Bundan qısa müddət sonra vəfat edib. Yazdığı mətnlərdə qadın cinsiyyətini təhlil edərək romanlar, eləcə də pyeslər aləminə yeniliklər gətirib. O, həm də “Oroonoko” kitabı ilə köləliyə qarşı çıxan ilk müəllifdir.

Yazarın məzarı Şairlər güşəsinə daxil edilməyib, lakin kilsənin pilləkənlərinin yaxınlığındakı Şərq Monastırda yerləşir.



2. Ceyn Ostin – 16 dekabr 1775-ci ildə Hempşir qraflığında, Stiventonda doğulan yazar təhsilinə 1783-cü ildə Oksfordda başlayıb. Təhsilini Sauzamptonda davam etdirən yazar daha sonra qızlar məktəbində oxuyub. Kənd keşişinin yeddinci uşağı olan yazar öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər arasında yer almağı bacarıb. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçüb. Yazarın yaşadığı o ev hazırda ev muzeyi kimi fəaliyyət göstərir. Yazar ədəbi fəaliyyətinə 1789-cu ildən başlayıb. İngilis zadəganlarını tənqid edən altı əsas romanı ilə məşhurdur. Ostinin süjetləri tez-tez əlverişli sosial mövqe və iqtisadi azadlıq axtarışında olan qadınların evlilikdən asılılığını araşdırır. Əsərləri XVIII əsrin ikinci yarısının həssas romançılığını tənqid edir və XIX əsr ədəbi realizminə keçidin bir hissəsi hesab olunur. Onun realizmi və sosial şərhləri ilə yanaşı, yüksək ironiyadan istifadə etməsi, ona tənqidçilər və alimlər arasında rəğbət qazandırıb.

Ostin çox sayda tənqidi esse və ədəbi antologiyaya ilham verib. Onun romanları əsasında bir neçə film də çəkilib. XIX əsrdə sosial hadisələrə ironik baxışı və yazdığı güclü qadın obrazları ilə müasir roman dilini yaradan yazar hesab edilir. Heç vaxt evli olmasa da, romanları ən güclü qadın personajların çətin sevgi prosesini təsvir etməsi və nəhayət, sevdiyi insanla evlənməsi ilə bitir.

“Qürur və qərəz” (1811), “Mansfild parkı” (1814), “Emma” (1816) kitablarının nəşri ona inanılmaz uğur gətirsə də bu kitablar anonim nəşr olunduğu üçün həyatı boyu çox az şöhrət qazanıb. Ölümündən sonra iki romanı (“İnandırma” və “Northanger Monastırı” (1818)) nəşr edilib. O, həmçinin əlyazma şəklində olan üç cildlik gənclik yazılarını, qısa epistolyar romanı “Ledi Syuzan”ı və tamamlanmamış “Vatsonlar” romanını da çap etdirmədən vəfat edib.

Ostin ölümündən sonra daha çox status qazanıb. 1833-cü ildə romanları Ferdinand Pikerinq tərəfindən illüstrasiya edilərək Riçard Bentlinin “Standart Romanlar Seriyası”nda yenidən nəşr olunandan sonra reputasiyasında əhəmiyyətli dəyişiklik baş verib. Onun romanları daha geniş rəğbət və populyar oxucu kütləsi qazanıb.

Yazar çox sayda tənqidi esse və ədəbi antologiyaya ilham verib. Onun romanları əsasında bir neçə film də çəkilib. XIX əsrdə sosial hadisələrə ironik baxışı və yazdığı güclü qadın obrazları ilə müasir roman dilini yaradan yazar hesab edilir. Heç vaxt evli olmasa da romanları ən güclü qadın personajların çətin sevgi prosesini təsvir etməsi və nəhayət, sevdiyi insanla evlənməsi ilə bitir.



3. Meri Şelli – 30 avqust 1797-ci ildə Londonda anadan olub. Atası Uilyam Qodvin siyasi filosof, anası Meri Uolstonkraft isə filosof və qadın haqları müdafiəçisi olub. Anası, o anadan olandan iki həftə sonra öldüyü üçün atası tərəfindən böyüdülüb. Uşaqlığının əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr yazmaqla keçirib. Sonrakı illərdə fantastik qorxu janrında mühüm əsərlər yazan yazar, daha çox qotik romanı “Frankenşteyn” ilə tanınıb. Frankenşteyn fikri Merinin 1816-cı ildə yay ayında gördüyü yuxunun nəticəsində yaranıb. Romanın məşhurlaşmasında İngiltərədə sənaye inqilabının, Con Lokk, Tomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmayıb. Meri “Frankenşteyn” ilə yanaşı, həm də “Ladore” (digər adı “Gözəl dul”) (1835), “Falkner” (1837) və “Sonuncu adam” (1826) kimi romanların da, elmi fantastikanın erkən nümunəsi sayılan “Müasir Prometey” (1818) əsərinin də müəllifidir. O, həmçinin əri, dövrünün romantik şair və filosofu Persi Biş Şellinin əsərlərini redaktə və təbliğ edib.

Özü kimi yazar olan ailəsinin sayəsində ətrafında həmişə çoxlu yazarlar olub. Dünya elmi-fantastik ədəbiyyatına böyük töhfə verəcəyi “Frankenşteyn” əsərinin əsasını yazar dostları ilə oturub-duraraq qoyub. O, elə həyat yoldaşı ilə də belə tanış olub. 16 yaşında atasının tez-tez qonağı olan Persi Biş Şelli ilə sevgili olub və onunla birlikdə Fransaya qaçıb.

Yazar 1 fevral 1851-ci ildə vəfat edib. 51 yaşında vəfat edənə qədər romantik əsərləri ilə həm elmi fantastikanın, həm də ədəbiyyatın ən məşhur qadın yazarlarından biri olub.



4. Emili Bronte
– 30 iyul 1818-ci ildə Maria Brenvel və irlandiyalı ata Patrik Brontenin ailəsində anadan olub. Ailə İngiltərənin Yorkşir əyalətinin Bredford şəhərinin kənarındakı Tornton kəndindəki Market Stritdə yaşayıb. Emili altı uşağın beşincisi idi, ondan əvvəl Maria, Elizabet, Şarlotta və Brenvel vardı. 1820-ci ildə Emilinin kiçik bacısı Enn, sonuncu Bronte uşağı dünyaya gəlib. Qısa müddət sonra ailə səkkiz mil uzaqlıqda olan Havorta köçür və burada Patrik daimi kurator işi ilə təmin olunur. Havortda uşaqların ədəbi istedadlarını inkişaf etdirmək imkanları daha çox idi. Amma ailəni davamlı bədbəxtliklər izləyir. 15 sentyabr, 1821-ci ildə anaları Marianı xərçəng xəstəliyindən itirirlər. Azyaşlı uşaqlara xalaları və böyük bacıları Elizabet baxmalı olur. Emilinin üç böyük bacısı Maria, Elizabet və Şarlotta Ruhani Qızlar Məktəbinə göndərilir. Altı yaşı tamam olandan sonra Emili də bacılarına qoşularaq məktəbə gedir. Məktəbdə isə uşaqlar zorakılığa və məhrumiyyətlərə məruz qalırlar. Tif epidemiyası ölkəni bürüyəndə Mariya və Elizabet də xəstələnir. Vərəmə yoluxa biləcəkləri ehtimalı ilə evə göndərilən qızlar bir-birinin ardınca evdə vəfat edirlər. Bacıların vəfatından sonra ataları Şarlotta və Emilini də məktəbdən uzaqlaşdırır.

Qalan uşaqlara evdə ataları və xalası Elizabet Brenvel təhsil verməyə çalışır. Formal olaraq təhsilləri olmasa da Emili və onun bacıları dövrün nüfuzlu jurnallarını, qəzetlərini əldə edib oxuya bilirdilər.

On yeddi yaşında Emili Şarlottanın müəllim olduğu Qızlar məktəbinə getməyə başlayır, lakin həddindən artıq ev həsrəti çəkərək qısa müddət sonra oranı tərk edib evə qayıdır. Emili evə qayıdandan sonra Enn onun yerinə oxumağa gedir. Bu zaman qızların məqsədi öz kiçik məktəblərini açmaq üçün kifayət qədər təhsil almaq idi.

Emili 1838-ci ildə, iyirmi iki yaşı olanda məktəbdə müəllim kimi işə başlayır. Onun əvvəldən zəif olan sağlamlığı 17 saatlıq iş gününün stresi altında tezliklə pozulur və 1839-cu ilin aprelində evə qayıdır. Bundan sonra evdə qalaraq daha çox ev işləri ilə məşğul olmağa başlayır. O, alman dilini kitablardan, həmçinin fortepianoda çalmağı öyrənir.

1844-cü ildə Emili o dövrə qədər yazdığı şeirləri gözdən keçirməyə başlayır və onları səliqəli şəkildə iki dəftərə köçürür. 1845-ci ilin payızında Şarlotta dəftərləri tapır və şeirlərin çap olunmasını təkid edir. Şəxsi həyatına müdaxilədən qəzəblənən Emili əvvəlcə imtina edir, lakin Enn də öz əlyazmalarını çıxarıb Şarlottaya verərək gizli şəkildə şeirlər yazdığını bildirəndə təslim olur. “Qondal hekayələri”nin həmmüəllifləri kimi Enn və Emili bir-birlərinə hekayələrini və şeirlərini oxumağa vərdiş etmişdilər, Şarlotta isə onların şəxsi həyatından kənarda qalmışdı. Bu dövrdə Emili özünün ən yaxşı şeirlərini yazmışdı.

1846-cı ildə bacıların şeirləri bir cilddə, Currer, Ellis və Acton Bellin şeirləri kimi nəşr edilir. Bronte bacıları öz baş hərflərini qoruyub saxlamaqla özlərinə təxəllüslər seçmişdilər. Şarlotta (Charlotte) üçün “Karrer Bell” (“Currer Bell”), Emili üçün “Ellis Bell” və Enn (Anna) üçün “Ekton Bell” (“Acton Bell”). Kitab nəşr olunandan bir neçə ay sonra bacılara cəmi iki nüsxə satıldığı deyilsə də ruhdan düşmədilər.

Viktoriya dövrünün mühüm qadın yazarlarından biri olan Emili yeganə romanı “Uğultulu təpələr”lə adını ingilis ədəbiyyatının ən önəmli yazarları arasında yazdırmağı bacarıb. Tək roman ilə qüdrətini dünyaya elan edən yazar yenilikçi quruluşda yazdığı bu romanı ilə tənqdiçiləri təəccübləndirib və romanını ingilis ədəbiyyatının klassikinə çevirib. Onu təqdim edərkən Bronte bacıları haqqında danışmasaq düzgün olmazdı. Üç yazar bacı Emili, Şarlotta və Enn ingilis ədəbi aləmində öz yerini tutmuş görkəmli qadın yazarlardır. Enn Bronte “Agnes Grey” romanı, Şarlotta Bronte isə “Ceyn Eyr” adlı məşhur əsəri ilə ingilis ədəbiyyatına böyük töhfə verib. Ailə olaraq yazdığı əsərlərlə dünya ədəbiyyatı tarixində əbədi qalacaqlar.



5. Virciniya Vulf – 25 yanvar 1882-ci ildə andan olub. XX əsr ingilis ədəbiyyatında iz buraxan mühüm qadın yazarlardan biri hesab edilir. Vulf Londonun Cənubi Kensinqton şəhərində varlı ailədə, modernist rəssam Vanessa Bellin də daxil olduğu səkkiz nəfərlik qarışıq ailədə Culi Prinsep Cekson və Lesli Stivenin yeddinci övladı olaraq doğulub. O, gənc yaşlarında ingilis klassikləri və Viktoriya ədəbiyyatı üzrə evdə təhsil alıb. 1897-ci ildən 1901-ci ilə qədər London Kral Kollecinin Xanımlar Departamentində oxuyub, orada klassiklər və tarixi öyrənib, qadın hüquqları hərəkatı ilə əlaqədə olub.

Atasının ruhlandırdığı Vulf 1900-cü ildə peşəkar şəkildə yazmağa başlayıb. 1904-cü ildə atasının ölümündən sonra Stiven ailəsi Kensinqtondan Blumsberiyə köçür və burada qardaşların intellektual dostları ilə birlikdə bədii və ədəbi Blumsberi qrupunu yaradırlar. 1912-ci ildə o, Leonord Vulfla evlənir və 1917-ci ildə cütlük onun əsərlərinin çoxunu nəşr etdirən “Hoqart Press” Nəşriyyatını qurur. Onlar Sasseksdə bir ev icarəyə götürürlər və 1940-cı ildə daimi olaraq oraya köçürlər. Vulf, kitablarını onların qurduğu nəşriyyatda nəşr etdirən Vita Sakvil-Vest də daxil olmaqla qadınlarla romantik münasibətlər qurub. Hər iki qadın yazarın ədəbiyyatı Vulfun ölümünə qədər davam edən münasibətlərindən ilham alıb.

V.Vulf modernizm ədəbi cərəyanının qurucularından biri hesab olunur. Adı Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir. “Missis Dellouy” əsərində də Ceyms Coysun “Uliss” əsərində olduğu kimi bir .qadının bir günlük həyatından bəhs edilir. Bu əsər modernizm axınının ən bariz nümunələrindən sayılır. Virciniya Vulfun demək olar ki, bütün romanları müasir roman janrının ən bariz nümunələri sayıla bilər. “Özünə aid bir otaq”ı isə bu sıralamaya daxil etmək olmaz.

“Özünə aid bir otaq” feminizm hərəkatının klassik əsəri olaraq qəbul edilir. Sadə, axıcı dillə yazılıb. Vulf qadınlara səslənərək belə deyib: “Pul qazanın, özünüzə bir otaq və boş zaman ayırın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın”.

Virciniya Vulf ömrü boyu gündəliklər yazıb, gündəlik yazmağı yalnız xəstəlik zamanı dayandırıb. Onun gündəlikləri 4 cilddə nəşr olunub.

İkinci Dünya müharibəsindən sonra Virciniya Vulf Böyük Britaniyada demək olar ki, unudulur. Hətta çap olunan kitablarının üzərinə də “Lesli Stivenin qızı, Leonard Vulfun həyat yoldaşı” kimi patriarxal damğa yapışdırılır. Lakin 70-ci illərdə isə feminist hərəkatının geniş təşəkkül tapması ilə Virciniya Vulfun yenidən doğuşu başlayıb. O, XX əsr Britaniya və dünya ədəbiyyatının simasını dəyişən böyük şəxsiyyət kimi həqiqi qiymətini alıb.

İkinci Dünya müharibəsi illərdinə “Pərdələr arasında” romanını yazarkən yazarlıq qabiliyyətini itirdiyini düşünməsi və müharibə qorxusu onun ciblərini daşla doldurub çaya atılaraq intihar etməsinə səbəb olub.



6. Aqata Kristi – 15 sentyabr 1890-cu ildə anadan olub. Əsl adı Aqata Meri Klarissa Miller olan yazar detektiv janrının kraliçası hesab olunur. Bu ləqəb ona illər öncə verilib. Əsərləri indiyə qədər 103 dilə tərcümə edilib. Kitabların tirajı isə ildən-ilə artmaqdadır.

Əksər məşhur yazarın həyatı keşməkeşli, acınacaqlı olsa da Aqatanın bu baxımdan bəxti gətirib. O, İngiltərənin Denvor qraflığından ABŞ-a köçüb gələn zəngin mühacir ailəsində dünyaya gəlib. Yaşadığı mühiti gələcək əsərlərində aydın şəkildə təsvir edib. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi görüb, musiqi təhsili alıb.

11 yaşında atasını itirən Aqata anasının himayəsində böyüyüb. O, 8 yaşına kimi heç bir məktəbdə təhsil almayıb, çünki anası bunun əleyhinə olub. Amma Kristi hələ 4 yaşından yazmağı bacarıb. İlk əsərlərini anasının təsiri ilə yazmağa başlayıb. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür və böyük yazarın karyerası beləcə başlayır.

İngiltərədə Şekspirdən və “İncil”dən sonra kitabları bestsellərə çevrilən, detektiv roman deyincə ağla gələn ilk qadın yazardır. Yazar bir müddət Meri Vestmakot təxəllüsü ilə sevgi romanları da yazıb. Yazarın başına gələn bir hadisə yazdığı kitablardakı hadisələrdən də maraqlı olması ilə diqqət çəkib. Yazar 1926-cı ildə 11 gün yoxa çıxır və nəhayət, avtomobili gölün kənarında, əşyaları ətrafa səpələnmiş halda tapılır. Bəziləri yaddaşsızlıqdan əziyyət çəkdiyini, bəziləri ərinin sevgilisini öldürməyə getdiyini iddia edir.

Yazar ədəbiyyat dünyasına Erkül Puaro adlı kult personaj gətirib. O, bu personajı ilk romanında yaradıb. Bu qəhrəman onun son romanlarının birində (“Pərdə”) vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılıb, amma naşirlər illərlə sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırıblar.

Yazarın 1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş “Tələ” pyesi teatr tarixində ən çox oynanılmış pyesdir.



7. C.K.Roulinq
– 31 iyul 1965-ci ildə anadan olub. Coan Ketlin Roulinq dünyanın 65-dən çox dilinə tərcümə edilən “Harri Potter” romanlar seriyasının yazıçısı kimi tanınır. Bir müddət dünyanın ən varlı qadını olan yazar, 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır. Yazar əsərlərinə çəkilən filmlərdən sonra daha çox məşhurlaşıb. Robert Qelbrayt təxəllüsü ilə detektiv janrda üç əsər də yazan müəllif , “Boş oturacaq” adlı kitab da yazıb. O, “Harri Pottet”i nəşriyyata göndərəndə naşir qadın olduğu üçün kitablarının yaxşı satılmayacağını düşündüyü üçün tam adının əvəzinə onun qısaldılmış baş hərflərindən istifadə edib və Coan Ketlini (Joanne Kathleen) J.K. olaraq dəyişib. Yenə də ingilis ədəbiyyatına fantastika janrında böyük töhfələr verən müəllif yaratdığı bu möhtəşəm dünyada naşiri, bestsellərlər siyashısına girərək təəccübləndirməyi bacarıb və qadının gözəl yerlərə yüksələ biləcəyini sübut edib.

Hazırladı: Nilufər Hacılı

Share: