Kəmaləddin Heydərov Əli Yerlikaya ilə görüşdü — Fotolar

Kəmaləddin Heydərov Əli Yerlikaya ilə görüşdü — Fotolar

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə K.Heydərov bildirib ki, iki qardaş ölkə arasında münasibətlər dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi uzaqgörənliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Türkiyənin aidiyyəti dövlət strukturları ilə əməkdaşlıq əlaqələri daim genişləndirir.

Türkiyə daxili işlər nazirinin ölkəmizə səfərinin qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə xüsusi töhvə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimizin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi və beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etməyə hazırlığının daha da yüksəldilməsi istiqamətində AFAD-la birgə təşkil edilən təlimlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşə görə təşəkkür edən Türkiyə daxili işlər naziri Əli Yerlikaya Türkiyədə baş vermiş təbii fəlakətlər, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyini xatırladıb. İki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edən türkiyəli nazir Bakıda təşkil edilmiş Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının istər ikitərəfli, istərsə də çoxtərəfli formatda münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Görüşdən sonra türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olub.


Share: