Gözəl poeziya nümunəsi yaradan şair…

Gözəl poeziya nümunəsi yaradan şair…

Gözəl poeziya nümunəsi romantik düyğuların təcəssümüdür. Ruha sığal çəkir, insanı düşündürür, əhvalına təsir edir.

Müəllifini tanıdıb sevənlərini artır, el arasında ŞAİR kimi məşhurlaşdırır. Şair Saday Şəkərlini də oxucularına sevdirən məhz yaratdığı gözəl poeziya nümunələri olub. Onunla yaxından tanış deyilik, amma şeirlərindən, bir də haqqında yazılanlardan xəbərim var. Deyir ki:
“Ay günümü göy əsgiyə,
bükən dünya, düyən dünya.
Qapımı dərd əlləriynən,
gecə-gündüz döyən dünya.
Kim heyrandı cürətimə,
bu quldurun qarəti nə?
Naxış vurub surətimə,
hey içimdən yeyən dünya.
Vədlər ağız sulandırıb,
pir başına dolandırıb.
Dirisini bulandırıb,
ölüsünü yuyan dünya.
Səbr et dedin, kərəm qıldım,
közdüm, kül olub qaraldım.
Hamı kam aldı, mən qaldım,
yiyən ölsün, yiyən, dünya.”
Dünya haqqında bəlkə də yüz minlərlə şeir yazılıb. Və bu qədər şeirin içində dünyanı fərqli biçimdə, bir alayı şəkildə təqdim etmək özü də bir ustalıqdır. Bəli, Saday Şəkərli sözdən möcüzə yarada bilir. Onun qələmə aldığı şeirlərin hər biri gözəldir. Bunu da o deyib:
“Görün mən nə boyadayam,
nə dərdlər tutur qabım.
Cavabsızdı sualım,
sualsızdı cavabım.
Daşaram, görən olmaz,
coşaram, təbim dəniz.
Hər ləpə bir misramdı,
hər bir mətləbim dəniz.
Bircə şeirdi ruhum,-
canım bircə şeirdi.
Hər damara uyğundur,
qanım bircə şeirdi.
Bütövəm, vətən kimi,
sözüm parça-parçadı.
Dərbənd köhnə kilimdi,
Təbriz qədim xalçadı.
Gün batdı, səf pozuldu,
kəlmə-kəlmə dağıldım.
Qatar-qatar söküldüm,
ilmə-ilmə dağıldım.
Görün mən nə boydayam,
baxanda göz qamaşır.
Bir-bir düşür papaqlar,
fikirlər başdan daşır.
Dərdlərim tünd sirkədi,
çat verir hər gün qabım.
Keflənir hər gün məndə,
bir bəxtəvər əzabım”…
Yaradıcılıq əhvali-ruhiyyə ilə sıx bağlıdır. Hər bir şeir sevgidən, sevincdən və ya dərddən, kədərdən, həsrətdən doğulur. Saday Şəkərlinin sevgi şeirlərinə də söz ola bilməz. Deyir ki:
“Gün batdı…
Ömür keçdi…
Gəlib çıxmadı qatar…
Tor basdı gözlərimi, ya dumanlar qatıydı?
Gün batdı…
Ömür keçdi…
Bir batan bir də batar,
Tezdən günün çıxması tanrı mükafatıydı.
Gün çıxdı…
Ömür keçdi…
Axıb, seyrəldi duman,
Damdı həsrətli gözdən göz yaşı xəzəl kimi,
Gün çıxdı…
Ömür keçdi…
Gəlmir könlümə daman,
Gecikir sevdiyim qız, gecikir əcəl kimi.”
Saday Şəkərlinin yaradıcılığı barədə çox deyilib. Yəqin ki, bundan sonra da çox deyiləcək. Mən isə onu anladığım tərzdə təqdim etməyə çalışdım və söhbətimi şairin öz sözləri ilə bitirmək istəyirəm:
“Getdin…
Bir də gələrmiydin,
bir də deyib-gülərmiydin,
nədir sevda bilərmiydin,
bəs nədir məhəbbət, şair?
Yer oxşayıb, göy tutdumu,
bəs dəryalar boy tutdumu?
Sənə də bir toy tutdumu,
bu boyda səltənət, şair?
Sərsəm dünya, veyil dünya,
kürkünü tərs geyir dünya.
Duracaq yer deyil dünya,
bəli şair, əvət şair.
Yol uzaqdır…
Gözünü yum.
Həyat səhra, səhralar qum.
Nə yerdən bir sədaqət um,
nə göydən mərhəmət, şair!”
Elman Eldaroğlu
Share: