Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı ilə Bakıda beş gün davam edən 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatıb.
Kulis.az xəbər verir ki, festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi Nizami Kino Mərkəzində keçirilib.
Festivalda filmləri beynəlxalq münsiflər heyəti – İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oqtay Yusibov (Azərbaycan, Finlandiya), Olivye Kateğin (Fransa) və Təhzib Kurana (Hindistan) kimi peşəkarlar qiymətləndirib.
Festivalın beynəlxalq müsabiqəsinin “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran-pri mükafatına çinli rejissor Lei Chenin “Müharibənin sonu” (The End of War) filmi layiq görülüb.
Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə honqkonqlu rejissorlar Step Cheung və Kai Chung Ngin “Hər bir yerdə” (Everywhere) filmi qalib adını qazanıb.
Festivalın yerli müsabiqəsinin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə qalibinin adını Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu açıqlayıb. Mükafata rejissor Aleksandra Şirinovanın “Baharın oğurlanması” (Stolen Spring) filmi layiq görülüb. Bu kateqoriya üzrə digər qalibin adı isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tərəfindən açıqlanıb. Mükafatı rejissor Rəvan Muradovun “Birdən ölsək” (The Half – If WeDie) filmi qazanıb. Səfir bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq Fransada dünyanın ən böyük animasiya layihəsi festivalı olan “Annecy” Beynəlxalq Animasiya Film Festivalına qatılmaq imkanı qazanıb.
“Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə rejissor Ayan Novruzlunun “Boş yerlər” (Empty Spaces) filmi qalib gəlib. Bu film həmçinin tamaşaçı seçimi müsabiqəsinin də qalibi olub.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsi üzrə rejissor Mehriban Əliyevanın “Züleyxa Seyidməmmədova” filmi I, rejissor Leyla Novruzovanın “Üzük” (Ring) filmi isə II yerə layiq görülüb. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.
Tədbirdə “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olunub.
Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və kreativ direktor Nəzrin Ağamalıyeva çıxış edərək festivalın bütün dəstəkçilərinə və heyətinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, festivala Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və “Oskar” mükafatlı Maykl Dudok de Vit (Niderland, İngiltərə) kimi məşhur rejissor və animatorlar da qatılıb.
Festivalda ümumilikdə uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirilib.