İstənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur. Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov AŞPA-da Azərbaycan əleyhinə başlayan kampaniyanı şərh edərkən vurğulayıb. Ə.Həsənov bildirib ki, Azərbaycan da eyni yolu gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament fraksiyaları ilə işləməyə can atır:
“Heydər Əliyev Fondu, AİDA xəttilə mühüm layihələr həyata keçirilir, ölkənin imici naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?
Ermənipərəst “People in Need”, eləcə də “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan “Carnegie Corporation”un rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün “Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə “yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır?”
Prezident köməkçisi bildirib ki, əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir:
“Bəs formalaşdırılmış lobbi Azərbaycan üçün hansı işlər görüb? Avropanın müxtəlif strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər qəbul ediləndə o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?”
Müstəqil.Az