Bakının Xəzər rayonu, Binə qəsəbəsi İlqar Əhmədov küçəsinin yolları keçilməz vəziyyətdədir.
Bununla bağlı “Qafqazinfo”ya həmin küçənin sakinləri müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, küçənin yollarının vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər ediblər: “Yağış yağan zaman, ümumiyyətlə, yollardan istifadə etmək mümkünsüz olur. Nə piyada hərəkət etmək olur, nə də avtomobillə. Dəfələrlə müraciətlər də etmişik. Heç kim baxmır”.
Şikayət ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Məlum olduğu kimi, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Bununla əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Binə qəsəbəsində istismara yararsız yolların təmiri işlərinin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan prioritet layihələrin siyahısına əlavə olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.
Əlavə olaraq bildiririk ki, Binə qəsəbəsi, İlqar Əhmədov küçəsində yolların əsaslı təmiri və yenidən qurulması işlərinin aparılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təkrar müraciət edilib”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sorğu göndərdik. Qurumdan deyildi ki, qəsəbədaxili küçə və yollar agentliyin balansında olmadığı üçün bununla bağlı hər hansı bir fikir bildirmək mümkün olmayacaq.
Lamiyə Məmmədova