Aqil ABBASdan gözəl bir “TƏRBİYƏSİZLİK” -Yazı

AŞ PA-nın son iclasında Azərbaycanla bağlı məlum hesabatdan xəbəriniz var. Həm bizim millət vəkillərini, həm də AŞ PA-da fəaliyyət göstərən digər ölkələrin millət vəkillərini Azərbaycanla bağlı məsələlərdə korrupsiyada və rüşvətxorluqda ittiham ediblər.

Özü də bu ittihamlar dəqiq faktlara yox, kimlərinsə söz-söhbətinə əsaslanır. Hətta onu da nöqsan tuturlar ki, səhər yeməyində süfrəyə bolluca kürü qoyurlarmış. Hər kəsin bir süfrə mədəniyyəti var, səhər-səhər qonağa nə yedizdirəydilər, çil toyuğun çiy yumurtasını? Mən dəfələrlə yazmışam və yenə yazıram, o Avropadan gələnlərə az kabab yedizdirin, plov yedizdirin. Elə sosiskadan, kolbasadan verin, bir az da pörtləmiş ət, yesinlər, çıxıb getsinlər.

Elə ATƏT bu yemək-içməyin dərdindən 25-26 ildi burda sülənir.

Onlarla misal çəkə bilərəm. FİFA-nın prezidentindən tutmuş ATƏT-in sədrlərinə qədər korrupsiyada və rüşvətdə ittiham olunublar. Hələ ölkələrinin prezidentlərini, ya baş nazirlərini demirəm.

İtaliyalı həmsədr vardı ey, Rafaelli, sonra məlum oldu ki, hansısa ölkələrdən rüşvət alıbmış. Nə isə…

Ən böyük korrupsiya elə ATƏT-dədi. 26 ildi heç bir zibilə yaramayan bir Minsk qrupu yaradıb, Allah bilir ordan nə qədər pul silirlər.

Deməli, AŞ PA-da 123 nəfər bizim əleyhimizə səs verib (adətən heç 50-60 millət vəkilini bir yerə yığa bilmirlər, amma bu dəfə biliblər ki, Azərbaycan əleyhinə hesabat var, hamısı tökülüb gəlib), 9 nəfər lehimizə. O 9 nəfərin də 6-sı bizim millət vəkilləridi, 3-ü Türkiyənin. Məni başqa bir şey də maraqlandırır.

Yadınızdadırsa, Praqada Sərkisyan Türkiyənin təmsil olunmadığı bir konfransda qardaş ölkənin əleyhinə danışmışdı. Həmin vaxt bizim Möhtərəm Prezidentimiz ayağa qalxıb Sərkisyanın sözünü kəsmişdi və demişdi:

– Türkiyə yoxdu, mən burdayam!

AŞ PA-da gərək ki Türkiyənin 18 millət vəkili var, onların yalnız 3-ü bizim xeyirimizə səs verib. Görəsən, 15 qardaşımız harda qırılıbmış? Bizi korrupsiyada ittiham edən AŞ PA cəmi bir ay əvvəl Ermənistan prezidenti Sərkisyanı az qala ayaq üstə alqışlamışdılar və ən demokratik prezident adlandırmışdılar. Buyurun, AŞ PA-nın demokratik prezidenti üç gün baş nazir kreslosunda otura bilmədi – korrupsiya və rüşvətxorluqda ittiham edilərək üzünə tüpürülüb yola salındı.

Buyurun, bu da sizə AŞ PA-nın ikiüzlülüyü.

Gələk ən böyük tərbiyəsizliklərinə. Guya gecə saat 2-3-dəmi qapılarını döyüblər. Deşikdən baxıb görüblər ki, iki yarıçılpaq qadın əllərində şampan. Guya bunlar da qapını açmayıblar ki, sağ olun, özümüz-özümüzü birtəhər yola verərik.

Çox söz demək olar. Hər deyilən sözü və belə bir tərbiyəsiz sözü AŞ PA kimi mötəbər bir təşkilatın tribunasından səsləndirmək özü ən böyük tərbiyəsizlikdi.

Bu nə qədər həqiqətdi, onu heç kim deyə bilməz. Dünyanın bütün otellərində belə qızlara rast gəlinir. Onlar izləyirlər, xüsusilə də xariciləri, ya da babat geyinmiş, sir-sifətindən pul tökülən kişiləri və gecə də gəlib həmin adamların qapılarını döyürlər. Bunu Fransada da görə bilərsiniz, İngiltərədə də, Almaniyada, Çexiyada, daha nə bilim hansı xarabaxanada.

Elə bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun adını unutduğum direktorunu otellərin birində xadiməyə girişdiyinə görə işdən azad edib məsuliyyətə cəlb etmişdilər. Deyəsən, Fransada olmuşdumu, ya hardasa.

ABŞ-ın prezidenti Bill Klintonu da unutmamısınız? Yaxud, İtaliyanın baş naziri Berluskonini! Siyahını uzatmaq olar.

Və ən ağrılısı, dəhşətlisi odur ki, bu tərbiyəsizlərin sözlərinə içimizdə olan tərbiyəsizlər də qoşulub bunu sosial şəbəkələrdə müzakirə edir, millətimiz haqqında ağızlarına gələni yazırlar. Düşmənin ağzından vurmaq əvəzinə, düşmənə «pas» atırlar. Dünyanın hər yerində olduğu kimi, təbii ki, bizim ölkəmizdə də «həyat qadınlarına» rast gəlmək olar. Bunlar da olar barmaqla sayılası. Beş-on «həyat qadınına» görə bir milləti aşağılamaq özü elə ən böyük şərəfsizlikdi.

Yorulmadınızmı ilana ağu verməkdən?

Adalet.az

Share: