Sahibə Qafarova: “Ermənistanın sürətlə silahlanması region üçün yeni təhlükələrə gətirib çıxarır”

Sahibə Qafarova: “Ermənistanın sürətlə silahlanması region üçün yeni təhlükələrə gətirib çıxarır”

“Ermənistanın sürətlə silahlanması region üçün yeni təhlükələrə gətirib çıxarır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə Ermənistanın silahlanması, rəsmi İrəvan tərəfindən sülhün əldə olunmasına qarşı təxribatları barədə geniş məlumat verərkən deyib.

S.Qafarova deyib ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, o zaman niyə sürətlə silahlanır: “Yaxud Ermənistan kimi kasıb ölkə niyə 100 milyon dollarlıq silah alır?”.

Onun sözlərinə görə, Ermənistan əldə etdiyi silahlardan Azərbaycanın suveren ərazisinə qarşı istifadə edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın sürətlə silahlanması sülh perspektivlərini sarsıdır və region üçün yeni təhlükələrə gətirib çıxarır.

Milli Məclis sədri bildirib ki, bu gün Ermənistanda revanşist qüvvələr daha da fəallaşır. Bu ölkə hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirir.

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasına və suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiq qaldığını deyən spiker diqqətə çatdırıb ki, Azərbaycan həmçinin Qarabağ bölgəsinin etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası üçün səylər göstərir. Onların bütün müvafiq hüquq və azadlıqları ölkəmizin Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərdə təsbit edilmiş şəkildə təmin ediləcək.

Share: