İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda İmişli RİH başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə rəisi, texniki elmlər namizədi, dosent Xıdır İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Çıxış edənlər bildiriblər ki, Ümumilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.
Qeyd olunub ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri olub.