Azərbaycanda yaşayış binalarının, fərdi evlərin tikintisi zamanı müvafiq qurumlardan mütləq şəkildə icazə alınmalıdır. Bu icazələrə tikintinin həyata keçirildiyi yerin seçimi, binanın hündürlük limiti, təhlükəsizlik göstəriciləri daxildir.
Bu qədər ciddi nəzarətə baxmayaraq, binaların və fərdi evlərin xarici görünüşü haqqında tənqidlər də tez-tez qabardılır. Əksəriyyət düşünür ki, hazırda tikintilərin xarici görünüşü, memarlıq üslubu, zövqlü tərtibatı baxımından ciddi problemlər mövcuddur.
Maraqlıdır, Azərbaycanda yaşayış binalarının və fərdi evlərin xarici görünüşünü zövqlü adlandırmaq olarmı? Bununla əlaqədar tələblər, qaydalar və real vəziyyət nədən ibarətdir?
Məsələ haqqında Oxu.Az-a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov tikintiyə icazənin verilməsi qaydasını izah edib. O qeyd edib ki, obyektlərin, çoxmənzilli binaların və digər təyinatlı tikintilərin həyata keçirilməsi Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun şəkildə həyata keçirilir:
“Bu cür tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma layihələndirilməsinə uyğun aparılmalıdır. Yəni hər hansı Mənzil-Tikinti Kooperativi (MTK) və ya təsisat tərəfindən çoxmənzilli bina, yaxud digər tikinti inşa olunarkən öncə eskiz layihə təqdim olunur, ərazi qeyd edilir. Razılaşdırmadan sonra artıq rayon-şəhər icra hakimiyyətləri, yerli icra strukturları tərəfindən məsələyə baxılır. Tikinti işi 12 metrdən yuxarı olan binaların tikintisi üçün tələb edilən lisenziyanı almış tikinti şirkəti tərəfindən aparıla bilər”.
Fərdi evlərin tikintisi üçün icazə və qaydalara gəlincə isə, ekspert vurğulayıb ki, əsas məsələ ev tikintisi üçün seçilən torpaq sahəsinin təyinatıdır. Torpaq sahəsinin təyinatı tikinti işinin aparılmasına yol verməlidir:
“Torpaq özəl olmalıdır. Sahənin sənədləri üzərində layihə-smeta büroları olan lisenziyalaşmış təşkilatlar tərəfindən eskiz çəkilir. həmin eskiz layihələri yerli icra strukturu ilə Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunur. Razılaşdırmalar əldə olunandan sonra ərazinin planlanmasına uyğun olaraq, bir, iki və ya üç mərtəbə olmaqla, hündürlüyü 12 metrdən yuxarı olmayan fərdi ev tikilə bilər. Özəl torpaq sahəsi yaşayış məntəqəsi təyinatında olmalıdır, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılmış və ya digər təyinatlı torpaqlarda fərdi evlərin tikintisinə qanunla icazə verilmir. Vətəndaş evini tikib başa çatdırdıqdan sonra təsdiq olunmuş layihə ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edib, çıxarışı əldə edir”.
Göründüyü kimi, binaların və fərdi evlərin tikintisi zamanı memarlıq üslubları, tikintinin xarici görünüşü ilə əlaqədar ciddi tələblər qoyulmur. Elə buna görə də, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov xüsusilə Bakıda həyata keçirilən tikintilərdə nizamsızlığın baş alıb, getdiyini düşünür. Onun sözlərinə görə, fərdi evləri, hətta bina və obyektləri belə hər kəs öz zövqünə uyğun tikir:
“Məsələ burasındadır ki, ümumi ansambl, şəhərsalmanın qaydaları nəzərə alınmalıdır. İstər çoxmərtəbəli binalar, istərsə də fərdi evlərin tikintisində hər bir xalqın özünün xüsusi, klassik üslubları var. Yəni tikinti aparılarkən, Azərbaycanın klassik memarlığı nəzərə alınmalı, eyni zamanda yeni elementlərin sintezindən iş ortaya çıxarılmalıdır. Tikintilərdə azərbaycançılıq, millilik mütləq şəkildə öz əksini tapmalıdır.
İkinci bir tərəfdən, qeyd etməliyəm ki, hazırda qanunsuz tikintilər həddindən çoxdur. Bu tikililər qəsəbələr, kəndlər ətrafında, hətta şəhər kənarında ümumi nizamı pozur, xoş olmayan görüntü yaradır. Tikintiləri harada, necə gəldi tikiblər, bəziləri gecəqondu kimi inşa olunub. Ümumilikdə, hazırda memarlıq zövqünün pozulmasını, qanunsuz tikintilərin artmasını pis qiymətləndirirəm. Bir iş görülərkən mütləq şəkildə mütəxəssislərə müraciət olunmalıdır. Qəsəbənin, şəhərin, hətta hansısa kəndin baş planları olmalı, planın qaydalarına riayət edilməlidir. Hazırkı zövqsüzlüyü, pərakəndəliyi yaradan özbaşına tikintilərə yol verilməsidir.
Hətta bəzən rast gəlirik ki, çoxmərtəbəli binaların bir çoxunun tikintisində belə heç bir qaydaya əməl edilmir. Harada, necə gəldi bina tikilir. Halbuki xüsusilə Bakıda hər bir bina tikilərkən şəhər memarlığı, üslub nəzərə alınmalıdır. Coğrafi ərazi, ümumiyyətlə, nəzərə alınmır. Kim nə qədər qazanmaq istəyirsə, mərtəbəni o qədər artırır. Əlavə xərc çəkməmək üçün binanın xarici görünüşünün mütəmadi bərpasına diqqət edilmir. Hətta artıq tikilmiş, sertifikatı alınmış, istifadəyə verilmiş binaların əksəriyyətində sonradan mərtəbə əlavə olunur, sahibkarın istədiyi kimi dəyişikliklər edilir”.
Faiq İsmayılovun fikrincə, şəhər və rayonlarda, kəndlərdə tikintilərin memarlığında klassik memarlıqla yeni yaranan üslubların sintezi nəzər alınsa, nəticə göz oxşayar:
“Hansı binanın zövqlü, hansı tikilinin zövqsüz olduğu haqqında qəti qərar vermək mümkün deyil. Hər yerin öz adət-ənənəsi, üslubu, koordinasiyaları var. İstənilən halda tikintilər mütləq şəkildə landşafta uyğunlaşdırılmalıdır. Bütün bunlar şəhər, rayon icra strukturlarının vəzifələridir, onlar mütləq şəkildə buna riayət olunmasına çalışmalıdırlar”.
Aysel Aslan