ABŞ-İran avtorəqsi -Əkbər QOŞALI yazdı

ABŞ-İran avtorəqsi -Əkbər QOŞALI yazdı

ABŞ beynəlxalq sistemi necə, nə üçün və kimlər üzərindən təhdid edir? Okeanın o tayındakı bu, qlobal şirkət misali dövlətlər birliyi, hegemoniyasını Yer üzünə diqtə etməkçün (içəridə, dışarıda) qorxu, xof yaradır, düşmən obrazı formalaşdırır, sonra hərəkətə keçərək, qan tökür, evlər yıxır, antibəşəri sınaqlar edir, silahlar satır…

Söhbət, əsalətli Yaponiyaya (Xirosima) atom bombası atan – ürəyi soyumayıb, bir deyil, ikinci bombanı da (Naqasakiyə) atan ABŞ-dan gedir. Sonra “soyuq müharibə” dönəmi gəldi-keçdi… ABŞ ən azı son qərinə boyunca İslamı “sivil dünya”nın əsas düşməni elan etdi…
Qədim Bağdadı xaraba qoyan, muzeyləri talayan, mədəniyyətdüşməni ABŞ,
İslamofobiyanı düpədüz dövlət siyasəti səviyyəsinə qaldırıb.
Yaxud guya vİranla dərin ideolojik və s. düşmənçilik içində olan bu Şər İmperiyası, digər imperiyalarla birgə
bu zəngin ölkəni ac-yalavac saxlamaqda, sümürməkdədir. Bu adıyaman siyasətsə, XXI yüzilə tərs düşən Tehran Fars-Molla rejiminin də işinə yarayır; rejim öz önəmini “əsaslandırır”, bütün bədəməllərinə baxmayaraq onillərdir ayaqda qala bilir. – Əziyyət çəkənsə xalq olur, sadə insanlar olur. Nəzərə alsaq ki, Arazın o tayında bizim milyonlarla qardaşımız yaşayır, deməli, ABŞ və Fars-Molla rejiminin pərdəarxası paslaşmasının zərbəsini əsasən bizim soydaşlar çəkir… Rəsmi Vaşinqton da, rəsmi Tehran da terroru açıq-gizli dəstəkləməklə xislət birliyi nümayiş etdirir.
Həmin o ABŞ deyilmi, terrorla mübarizə adı ilə fərqli ölkələrin iç işlərinə müdaxilə edən?
Şər İmperiyası öz bədəməlləri ilə, İslamın hakim olduğu ölkələri hədəfə götürür. Örnəyi, qanlı “Ərəb baharı” ssenarisinin gerçəkləşməsi sonucunda Yaxın Doğu ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Və sərvətlər, o cümlədən maddi mədəni irs talandı…
Belə ssenarinin yürümədiyi İraq, Liviya kimi ölkələr isə biləvasitə ağır hərbi təcavüzə məruz qaldı. Mən işğalöncəsi və işğalsonrası İraqda olmuşam; Şər İmperiyasının üzünü (üzsüzlüyünü) necə deyərlər, hadisə yerində görmüşəm…
Bəli, öncə İraqın guya “nüvə silahı”na malik olduğu görüntüsü yaradıldı, sonra bu qədim ölkəyə təcavüz edildi… Sonuc? – Bir milyon iraqlı öldü, öldürüldü, şəhərlər, kəndlər dağıdıldı, ölkənin milli sərvətləri total nəzarətə götürüldü (və hələ də talan edilməkdədir)…
Bilirsiz, belə bir yanaşma var: əgər bir şəhərdə yaşı mini keçmiş bir kitab varsa, o şəhər dünyanın mədəniyyət mərkəzlərindən sayılır. İraqlı nazir 2010-cu ilin martında bizə danışırdı ki, İraqın bir çox şəhərində yaşı mini keçmiş bir yox, bir neçə kitab vardı və işğalçılar yerini təsbit edə bildiyi qədim kitabların hamısını ələ keçirdi… Öz hökumətində Mədəniyyət Nazirliyi olmayan Şər İmperiyası mədəniyjətlə, tarixlə döyüşür…
Yaxud qanlı olaylar sonucu Müəmmər Qəddafinin devrilməsinin ardınca Liviyada başlanmış vətəndaş qarşıdurmasını yada salaq. Fransa, ABŞ kimi şər imperiyaları diktatoru bəhanə edib, zəngin ölkəni xaraba qoydu. Oradakı olaylar bu gün belə səngimək bilmir…
Beləliklə, Yaxın Doğuda milyonlarla günahsız insanın qətli, mədəni və iqtisadi infrastrukturun dağıdılması, şəhərlərin, kəndlərin xaraba qoyulması özü bir “Şər əsəri”dir.
Bu problemin hələ uzun illər davam edəcəyi gerçəkliyi ABŞ-ın bizə yaxın, dinibir coğrafiyaya gətirdiyi “mədəniyyət”in, “demokratiya”nın, “rifah”ın sonucudur…
Hələ yüzillər öncə bizim sufi dədələr Gündoğardan Günbatara ismarıc göndərərdi: “Dünya bizim evimizdir”! Yəni dünyanın harasında bir ədalətsizlik, yanğın olsa, onun qarşısı dərhal alınmalıdır, yoxsa, o ədalətsizlik, o yanğın evin bütün odalarına yayılacaqdır. ABŞ yanğınsöndürən yox, yeni yanğınlar törədən zehniyyətə sahibdir. Şərzadələr Yer üzünü daha yaşanmayacaq hala gətirib, başqa planetə daşınmağı düşünmüş ola bilər; lakin ərşin-gürşün öz yiyəsi, kainatın yaradıcısı var və ABŞ yanğınlardan nəsibini almadan nəinki başqa planetə, heç başqa qitəyə də daşına bilməz; olsa-olsa, cəhənnəmə gedə bilər, onunçünsə raketə, kapsul-gəmilərə ehtiyac yoxdur… Heç taxta tabut belə olmasa, cəhənnəmin yolu şərzadələr üçün açıqdır…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Share: