Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yanğın baş verən ümumi sahəsi 16m2 olan taxta konstruksiyalardan ibarət dərzi sexi, eləcə də ona bitişik ümumi sahəsi 50m2 olan digər dərzi sexinin lambirdən ibarət tavanı 15m2 sahədə və plastik qapısı yanıb.
Sexin qalan hissəsi və bitişik tikinti materiallarının satışı mağazaları yanğından mühafizə olunub.