Liviyalılar şəhər merinin daşqınlardan salamat qalan evinə od vurdular

Liviyalılar şəhər merinin daşqınlardan salamat qalan evinə od vurdular

Liviyanın daşqınlardan zərər çəkmiş Derna şəhərinin sakinləri merin təbii fəlakətdən salamat çıxan evini yandırıblar.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Etirazçılar şəhər hökumətini, həmçinin ölkə parlamentini böhranda və şiddətli fırtına zamanı iki bəndin dağılmasında təqsirləndirirlər. Sakinlərin sözlərinə görə, təmirə ehtiyacı olan tikililər güclü su axınına tab gətirə bilməyib və buna görə də təbii fəlakətin miqyası bu qədər böyük olub.

Etirazçılar, həmçinin şəhərin bələdiyyə və ağsaqqallar şurasının buraxılmasını tələb ediblər.

Son məlumatlara görə, Liviyada daşqınlar zamanı 11,3 min nəfər həlak olub, ancaq qurbanların sayının daha 10 min artacağı ehtimal olunur. Bundan başqa azı 20 min nəfərin itkin düşdüyü bildirilir.

Bundan əvvəl Liviyada təbii fəlakətin nəticələrinin kosmosdan çəkilən görüntüləri paylaşılıb. Kadrlardan aydın olur ki, Derna şəhərini xəritədən silən “Daniel” qasırğası səhrada göllərin və çay sistemlərinin yaranmasına səbəb olub.

Mənbə: RT

Share: