Tanınmış jurnalist, Müstəqil.Az saytının baş redaktoru Faiq Balabəyli üzləşdiyi problemlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.O, Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz əməllərindən narazlığını ifadə edib.
Redaksiyamıza müraciət edən F.Balabəyli inandığını bildirib ki, müvafiq nazirlik bu cür xidmət əməkdaşlarının səhlənkar əməllərinə qarşı lazımı tədbirlər görəcək.
Jurnalistin nazirə ünvanladığı müraciətin mətnini diqqətə çatdırırıq:
“Cənab Nazir, aprelin 29-da axşam saat 22:44 radələrində Xətai rayonu,Telnov küçəsində, “Bizim Market”ə yaxın bir ərazidə idarə etdiyim 99 CX 389 dövlət nömrəli nişanlı Mersedes markalı avtomobilimdə işıqforun qırmızı işığının sönməsini gözlədim. Yaşıl işıq yandıqdan sonra hərəkəti davam etdirdim. Təxminən 200 metrdən sonra 99 YP 459 dövlət nömrə nişanlı YPX avtomobili məni saxladı. Qaydalara əməl edərək avtomobilimi yolun kənarında dayandırdım. Polis əməkdaşı birmənalı şəkildə qırmızıdan keçdiyimi mənə irad tutdu. Etiraz etsəm də faydası olmadı, haqqımda 1739851 saylı elektron protokol tərtib olundu, yazıldı. Bakı şəhər DYP patrul xidməti inispektoru, kiçik serjant Rüstəmli İlkin Afət oğlu protokola imza atmağımı istədi. Cavabında ona iradımı bildirdim, onun düzgün xidmət aparmadığını diqqətinə çatdırdım. İzah elədim ki, qanuna əsasən, gizli yerdə dayanıb xidmət aparmaq qanunla qadağandır və DYP-nin avtomobilinin işıqları- “miqalkaları” yanılı vəziyyətdə olmalıdır. Xatırladım və əminəm ki, qırmızı işığa girməmişəm.
Cənab Nazir, mən ona jurnalist Faiq Balabəyli olduğumu, Axar.az saytının yazarı və Müstəqil.az saytının təsisçisi və baş redkatoru olduğumu dedim.Araşdırma aparacağımı, günahım olsa, cərimə ödəyəcəyimi, əks təqdirdə qarşı tərəfin məsuliyyət daşıyacağını bildirdim. Etinasız halda prtokolu və mənim sürücülük vəsiqəmi avtomobilinin salonuna atdı, özü bildiyi şəkildə guya hüquqlarımı anlatdı. İntonasiya ilə şikayət etməyi bildirdi və hədələyici şəkildə mənim jurnalist olmağımı, onun isə polis oduğunu sübut edəcəyini dilə gətirdi. Belə olan təqdirdə və artıq qarşı tərəfin xidməti vəzifəsindən sui-istifadə etdiyini gördüyümdən şikayət etməyə qərar verdim.
Beləliklə, aprelin 30-da Bakl şəhər DYPİ-nin 108-ci xidməti otağında oldum, görüntünü göstərməyi xahiş etdim. Maraqlıdır ki, görüntü tapımadı. Kiçik serjantın bilərəkdən, yaxud başqa məqsədlərdən belə qərəzli addım atması Sizin və rəhbəri olduğunuz nazirliyin uğurlu işlərinə kölgə salır.
Cənab Nazir, xahiş edirəm, məsələnin ədalətli həllinə göstəriş verəsiniz, cərimə üzərimdən götürülsün, günahkar cəzalandırılsın. Sizin həmişə dördüncü hakimiyyətin nümayəndələrinə qayğınız bizim üçün böyük stimuldur”.
Aktor.az