Paşa Bank 2017-ci ilin hesabatını verdi

Müstəqil.Az xəbər verir ki, bu gün, mayın 1-də Paşa Bank 2017-ci il üçün özünün və törəmə banklarının maliyyə nəticələrini açıqlayıb.

Bununla bağlı toplantı keçirilən tədbirdə bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Taleh Kazımov qeyd etdi ki, Paşa Bank ötən il yeni, iddialı strategiyalar tətbiq etməklə özünü bir daha təsdiq etmiş və yeni zirvələr fəth edərək regional banka çevrilmişdir.

Onun sözlərinə görə, daha geniş miqyasda fəaliyyət göstərən bank bundan sonra da güclü komandanın və müştərilərin dəstəyi ilə qarşıya qoyduğu ambisiyalı strategiyanı həyata keçirəcək. T.Kazımov bildirdi ki, 2018-2020-ci illəri əhatə edən strategiyada biznesin inkişafı, rəqəmsal transformasiya, sahibkarlara xidmət prioritet məsələlərdəndir. Bundan başqa, ötən il kiçik və orta sahibkarlar üçün Tacir Kartı yaradılmışdır ki, bu da gündəlik əməliyyatların sürətlənməsinə kömək edib.

Daha sonra Paşa Bankın Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva çıxış edərək bankın maliyyə nəticələri haqqında daha ətraflı məlumat verdi. Qeyd etdi ki, hesabata əsasən 31 dekabr 2017-ci il tarixinə Paşa Bankın xalis mənfəəti keçən ilin müvafiq dövrü üzrə göstərici ilə (69, 288 min manat) müqayisədə 29% artaraq 89,092 min manat təşkil edib.

Hesabat dövrünə Bankın məcmu aktivləri 3,958,415 min manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünə qeydə alınmış 3,289,845 min manatla müqayisədə 20% artım deməkdir. Faiz gəlirləri 231,111 manat səviyyəsinə artıb ki, 2016-cı ildə bu məbləğ 157 min manat olub. Qeyri-faiz gəlirləri 52, 601 manat təşkil edib. Bu da ümumi əməliyyat gəlirlərində 27% artım deməkdir. Hesabat dövründə xərcin gəlirə nisbət əmsalı 42% olub. 2016-cı ilin eyni dövründə həmin məbləğ 40% idi.

Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev qeyd etdi ki, hesabat dövründə ən böyük kredit portfeli ticarət və xidmət sektoruna aiddir. Həmçinin kənd təsərrüfatı sektorunda ciddi artım müşahidə olunur.

Tədbirdə jurnalistlərin suallarını cavablandıran bank rəhbərliyi bildirdi ki, Paşa Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ seqmentlərdə bazar payını artırmağı və Azərbaycan bazarında öz lider mövqeyini qoruyub saxlamağı hədəfləyir. Bundan başqa, əsas hədəflərə növbəti strateji dövr ərzində xidmət və proseslərin rəqəmsallaşdırılması, bununla da müştərilərin məmnunluğunun təmin edilməsi daxildir.
Şəfiqə Ş. 

Share: