Kaş ki, mənə xəyanət etməyə…

Mənsurə Qaçayqızı

 Vaxtında gəlməyən sevinc…

 Səni gözləyirdim,

heç  kimin

gözləmədiyi kimi…

Heç kimin

gözləyə bilmədiyi kimi,

bunu sən də bilirdin,

elə deyilmi?

Gəlişini gözlədiyimə sevinirdim,

heç vaxt sevinmədiyim kimi,

bunu da bilirdin,

elə deyilmi?

Gəlmədin …

O zaman gəldin ki,

artıq gözləməkdən

marağım itmişdi sənə,

İndi məni təccübləndirməyə

cəhd  göstərmə.

Gəlişinə sevinən deyiləm,

vaxtında gəlməyən sevinc…

Sözüm var

Sənə deyiləsi o qədər sözüm var,

bir yığın, qucaq-qucaq…

Səhərədək yanında qalsam,

görən,

sabah tezmi açılacaq.

Sənə deyiləsi sözlərim çox…

Yerdə həmdəmim sən

mavi dalğalı dəniz.

Başımın üstündə o,

mavi səma,

hüdudları geniş,

nəhayətsiz.

Hərdən qibtə edirəm sizə.

Bir-birindən doymayan

mavi gözlərinizə.

Çoxmu qısqanır?

Necə dözür nazlı yarın ədasına,

hikkəsindən əsib-coşan dalğasına.

Bəs sən?!

Anladım.

Baxışlarınız toqquşanda,

göy gurultusu, ildırım əsi,

mavi gözlərin göz yaşı…

Sonunda barışa sevinən

qarı nənənin al-əlvan ipləri.

Göy qurşağı mənzərəsi.

Sənə söz deməyə də qorxuram.

Qorxuram,

həmdərd olasan mənə,

Alarsan məni qoynuna.

Qorxuram onda,

bax onda

buludlar qaşqabağın açmasın.

Qorxuram onda

mavi gözlərin

göz yaşı qurumasın.

Qarı nənə iplərini tapmasın.

Amma, sənə deyiləsi

o qədər sözüm vardı ki…

Kaş ki

Saçımdan ayrılan tel

gözlərimin önündə

yellənir

belədən belə,

elədən elə.

Saçımdan ayrılan tel

düşüb gedir ömrümə.

Kaş ki,

mənə xəyanət etməyə.

Getmək istədiyim yerə

gedə,

görmək istədiyimi

gətirə…

Qış günəşi

Sevgin elə bil ki, qış günəşiydi

Sığalın könlümə çəkdi də getdi.

Könlüm nə üşüdü nə də isindi

Özü də bilmədi bəlkə nə etdi.

 

Göylərin gözündə axtardım səni,

Birdə yanacaqsan ömrümdə deyə.

Bəzəndə özümü biraz qınadım,

Səndən yaz nəfəsi umurdum niyə?

Olar

Qatar gedər

sərnişini qalar.

Sevda bitər

göz yaşı qalar.

Ulduz ötər

naxışı qalar

Insan gedər

baş daşı qalar

Başdaşının baxışları

daha soyuq olar…

Sənə əmanət…

Yağış döyən oturacaq,

çətirimi

sənə bağışlayıb gedirəm.

Çətirimin xatirələri

sənə əmanət…

Sizə gəlirəm…

 Yaşadığım,

yaşamaq istədiyim

və yaşamaq istəmədiyim,

unutmağa çalışdığım illər…

Yaşadığım və

onların arasında

unutmağa çalışdığım illər

SİZ varsınız…

Yaşamaq istədiyim illər,

SİZ sualsınız…

Sualı çox sevirəm,

Bir qucaq sual götürüb

SİZƏ gəlirəm…

    Amma…

Yumruq atdı yurddaşına,

Yumruq atdı qan qardaşına.

Şəhərin ortasında,

Adamların

gözü qarşısında.

Keçməmişdi

boğazlarından bir-birinin sözü,

qana qərq etdilər bir-birini.

Heyfim gəldi,

arıq,

qaragöz oğlanın

gücünə.

Cavabını verə bilərdi

təkbaşına bir neçə düşmənin…

Amma …

Bu gün qolu qandallanacaq

bir Vətən oğlunun,

gözləri ağlayacaq bir ananın,

sevən ürəyinin teli titrəyəcək

bir Vətən qızının.

Bu gün

şəhid ruhu endi yer üzünə, kədərliydi  baxışları,

deyiləcək sözləri vardı…

    Yaza bilmədim

İstədim

bir sevgi şeiri yazım,

Sevməyənlər sevsin,

Sevənlər,

istəyir sevgidən

bax,

elə beləcə ölsün…

İstədim

bir sevgi şeiri yazım,

Həsrətdən, hicrandan xəbərsiz,

Ahsız, naləsiz, kədərsiz…

Lap elə

vüsalın qollarında,

Ayrılıq olmasın, qoy,

Bu sevginin sonunda…

Dayan, kimə oxuyacam?!..

Ətrafda,

sevgi həsrətli gözlər gördüm…

İstəyirdim,

sevgi şeiri yazım,

Məni qınamayın,

yaza bilmədim

 

Cinayət...

Ürəyin doğum şöbəsi,

səssizlik.

Həkimin əllərində cərrah bıçağı,

İçinə axan göz yaşları.

Qarşısında

sevgi adlı xəstənin

yenicə doğulmuş körpələri.

Əkizlər,siam əkizləri:

məhəbbət və nifrət.

Birinin yaşama ehtimalı var!

Ürəyin doğum şöbəsi,

cinayət..

 

 

Share: