Sülh və təhlükəsizliyin qorunmasına xidmət edən əməkdaşlıq

Sülh və təhlükəsizliyin qorunmasına xidmət edən əməkdaşlıq

Naxçıvanda yeni hərbi kompleksin açılması, eləcə də imzalanan sənədlər Azərbaycanla Türkiyənin hərbi və digər sahələrdə əməkdaşlığını daha da gücləndirəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın lokal xarakterli antiterror tərdbirlərində zəfər qazandıqdan sonra Azərbaycana səfəri iki dövlətin qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu səfərin Naxçıvana edilməsi isə simvolik xarakter daşıyır. Yəni bu, növbəti səfərin Zəngəzura ediləcəyi mesajıdır. Elə Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan qayıdan zaman jurnalistlərə müsahibəsində Zəngəzur açıqlaması da bunu deməyə əsas verir… Zəngəzur Azərbaycanın tarixi-coğrafi ərazisidir. Azərbaycan ilə Naxçıvanı məhz Zəngəzur dəhlizi birləşdirir. Prezident İlham Əliyev 25 sentyabr tarixində Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar bəyanatına qeyd edib ki, Naxçıvan Azərbaycanın qədim diyarıdır: “1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir”. Hazırda Azərbaycan bu bağlantanı qurmaq üçün strateji olaraq Zəngəzur dəhlizinin açılması üçün maksimum güc sərf edir. Türkiyə də bu dəhlizin açılmasında maraqlıdır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması kommunikativ olaraq regionun bütün ölkələrinin marağına xidmət edir.

Hazırda Azərbaycan və Türkiyə regonda sülh və təhlükəsizliyin qorunmasında əhmiyyətli rol oynayır. Buna görə də iki qardaş dövlət daima bir-birini dəstəkləyirlər. 44 günlük Vətən müharibəsində biz bu dəstəyi bir daha açıq-aydın gördük. Cənab Prezident Naxçıvanda çıxışında İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqının bizim yanımızda olduğunu xatırladıb: “Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi”, – deyə dövlətimizin başçısı əlavə edib. Antiterror tərdbirləri başa çatandan sonra da ilk olaraq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etmişdir. Sentyabrın 20-də telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərinin suallarını cavablandırkən Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən də danışıb. O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfinin 90 mövqeyini zərərsizləşdirməsini həlledici amildir: “Milli müdafiə nazirimiz Yaşar Gülər Azərbaycan tərəfi ilə əlaqədə oldu və bu gün mənim də qardaşım İlham Əliyevlə danışığım olub. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Biz işi artıq bitirdik. Heç bir problem yoxdur”.

Prezident İlham Əliyev bəyanatında Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Qaarbağdan danışmasını qardaşlıq jesti olaraq dəyərləndirib. Dövlətimizin başçısı deyib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib ki, Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək. Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib: “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”.

Xatırladaq ki, sentyabrın 25-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Naxçıvanda yeni hərbi kompleksin açılması, eləcə də imzalanan sənədlər Azərbaycanla Türkiyənin hərbi və digər sahələrdə əməkdaşlığını daha da gücləndirəcək.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Share: