Bələdiyyələr tariflərin 7 dəfə artırılmasından narazıdır — Ekspert isə ədalətli sayır

Bələdiyyələr tariflərin 7 dəfə artırılmasından narazıdır — Ekspert isə ədalətli sayır

Beyləqan rayonunda fəaliyyət göstərən bələdiyyələr Tarif Şurasının 14 avqust 2023-cü il tarixli qərarına narazılıq edir.

“Qafqazinfo” xəbər verir ki, rayondakı 37 bələdiyyənin sədrinin iştirakı ilə keçirilən yığıncaqda çıxarışların alınmasıyla bağlı xidmət haqlarının artırılmasına görə dövlət qurumlarına müraciət ediblər. Belə ki, bələdiyyə sədrləri mülkiyyət hüquqlarına aid çıxarışların verilməsinə dair xidmət haqlarının artırılmasına etirazlarını bildiriblər. Beyləqan bələdiyyələrinin əlaqələndirmə şurası adından yayılan müraciətdə deyilir:

“14.08.2023-ci il tarixdən etibarən Tarif Şurasının qərarına əsasən yalnız hüquqi şəxslərə və bələdiyyələrə göstərilən xidmət tarifləri yeddi dəfə artırılaraq 95 manatdan 650 manatadək artırılıb.  Hətta bu tariflər bələdiyyələr tərəfindən aylar öncə təqdim edilmiş sənədlərə də aid edilir. Nəzərə alaq ki, müvafiq mərkəzi icra orqanı bələdiyyə tərəfindən etdikləri müraciətləri bir çox hallarda illərlə ləngidir. Bundan əlavə olaraq yüklülük arayışının rüsumu da 31 manatdan 121 manatadək artırılıb”.

İcladsa qərara alınıb ki, tariflərə yenidən baxılması üçün Milli Məclisə, Ədliyyə Nazirliyinə, Tarif Şurasına, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasına müraciət edilsin. Müraciətdə qiymət artımının  maliyyə durumunu nəzərə alaraq bələdiyyələrə şamil edilməməsi xahiş olunub.

Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bələdiyyələrin son tarif dəyişikliklərinə münasibəti ədalətli deyil. O, Tarif Şurasının 14 avqust tarixli qərarı ilə fiziki şəxslərə, eləcə də müəyyən kəsimləri əhatə edən vətəndaşlara çoxsaylı güzəştlərin edilməsini vurğulayıb:

“Tarif Şurasının 14 avqust tarixli qərarında fiziki şəxslərə əmlak sahəsində göstərilən xidmətlərin tariflərinin aşağı salınması, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə qeydiyyat rüsumlarının güzəştli edilərək 50 faiz aşağı salınması, müharibə iştirakçıları, şəhid ailələri, onlara bərabər tutulan şəxslərə güzəşt məsələləri var. Bunlar təqdirəlayiq addımlardır. Bəlkə də Tarif Şurasının tarixində ilk dəfə idi ki, hansısa tariflərin azaldılması ilə bağlı qərar verildi, bu tarixə düşəsi bir haldı. Bələdiyyələrlə bağlı məsələrə gəlincə, düşünürəm ki, bu məsələdə bələdiyyələr haqlı deyil, məsələyə doğru yanaşmırlar. Əmlak məsələsindən söhbət gedirsə, elə son dövrlər bələdiyyələrin əmlak vergisi ilə bağlı vətəndaşlarla rəftarına fikir versək, bu qərarın nə qədər ədalətli olmasını görə bilərik”.

Ekspert qeyd edib ki, Azərbaycanda əmlak vergisi ilə bağlı qaydalar son dövrlərdə xeyli sərtləşdirilib: “Söhbət bələdiyyə ərazilərində vətəndaşlara, ayrı-ayrı hüquqi şəxslərə məxsus olan əmlaklara görə ödənilən vergilərdən gedir. Həmin vergilərlə bağlı qısa müddət ərzində bələdiyyələr cərimələr, sanksiyalar formasında vətəndaşlara müraciətlər göndərir. Baxmayaraq ki, bunun qarşılığında vətəndaşlara demək olar ki, xidmət təklif etmirlər. Bu nöqteyi nəzərdən baxsaq və hesab etsək ki, respublikanın ərazilərində bələdiyyələrin satdğı torpağın 1 sotunun qiyməti minimum 250-300 manatdan başlayır, hesab edirəm ki, burada xidmət haqlarının artırılması başa düşüləndir. Yox əgər, hesab edirlər ki, bələdiyyə heç bir xərc çəkmədən, yalnız gəlir götürməlidir, düşünürəm ki, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və hazırki şəraitdə bir sıra bələdiyyələrin mövqeyini anlayışla qarşılamaq mümkün deyil”.

 


Share: