Masallıda “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirilib

Masallıda “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə ulu öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir. 

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti məlumat yayıb.

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarların keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.

Layihə çərçivəsində növbəti seminar Masallı şəhərində keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəsmiləri, ağsaqqallar, dini icma sədrləri, təhsil və mədəniyyət işçiləri, gənclər, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə keçirilən seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışında vurğulayıb ki, qədim tarixə və zəngin ənənələrə malik Azərbaycanda formalaşan multikultural və tolerant yaşam tərzi dünyaya nümunədir. Dinlərarası və sivilizasiyalararası münasibətlərin dərin tarixi köklərə malik olmasının nəticəsidir ki, Azərbaycanda multikulturalizm həyat tərzinə çevrilib. Dilindən və dinindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanlar arasında qarşılıqlı anlaşma və hörmət var.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov  çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasəti ölkənin demokratik inkişafının tərkib hissəsidir. Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanlıların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu uğurlu siyasətin nəticəsində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşdi. 30 ilə yaxın düşmən tapdağında qalan tarixi torpaqlarımızı işğaldan azad etdi. 

Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

Share: