Y.Latınina Azərbaycan xalqını alçaltmağa çalışır… – Səfir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktova məktub göndərib. Məktubda şərhçi Yuliya Latıninanın 2018-ci il aprelin 28-də “Exo Moskvı” radiosundakı “Kod dostupa” adlı müəllif verilişində çıxışına qarşı qəti etiraz bildirilir.

Müstəqil.Az xəbər verir ki, səfirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfir bu məktubda təəssüflə qeyd edir ki, Y.Latınina dünya tarixi sahəsində öz məhdud biliklərini və ermənilərə rəğbətini növbəti dəfə nümayiş etdirərək tarixi faktları təhrif edib, təcavüzkarı təcavüzün qurbanı kimi, Serj Sarkisyan və onun tərəfdaşları kimi hərbi caniləri qəhrəmanlar kimi təqdim edib, yüzilliklər boyu təcavüzdən, soyqırımından, etnik təmizləmələrdən əziyyət çəkən, beynəlxalq cinayətlərə məruz qalmış Azərbaycan xalqını təqsirləndirib.

Məktubda deyilir: “Aşkardır ki, Y.Latıninanın birbaşa efirdə söylədiyi fikir faktları təhrif etmək və erməni cəmiyyətini təlatümə gətirmiş real hadisələrdən diqqəti yayındırmaq üçün antiazərbaycan təbliğatını gücləndirmək yolu ilə Rusiya auditoriyasını çaşdırmaq məqsədi güdən qeyri-peşəkarlığın təzahüründən başqa bir şey deyil”.

P.Bülbüloğlu vurğulayıb ki, Y.Latınina auditoriyaya müraciətində jurnalist etikasının bütün hədlərini aşaraq, reallıq hissini itirərək, özünün hüquqi və vətəndaş məsuliyyətini unudaraq bütün Azərbaycan milləti barəsində məsuliyyətsiz, əxlaqazidd və alçaldıcı ifadələr işlədib, Azərbaycan cəmiyyətini “ruhi xəstə cəmiyyət” adlandırıb.

Diplomat yazır: “Xüsusi vurğulamaq istəyirəm ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı var, onlardan 10 milyonu Azərbaycanın özündə yaşayır, lakin bunu da unutmaq lazım deyil ki, Rusiyanın özündə iki milyona yaxın azərbaycanlı var, onlardan təxminən yarım milyonu Moskvada yaşayır. Bu statistikanı nəzərə alaraq güman etmirəm ki, “Exo Moskvı” radiosu Rusiya Federasiyasının ərazisində yaşayan azərbaycanlıların böyük auditoriyasını özünə qarşı qaldırmaqda maraqlı olsun”.

Azərbaycan səfiri öz məktubunda A.Venediktovun diqqətini bir məqama cəlb edir ki, hər bir insan, xüsusən jurnalist söz və fikir azadlığı hüququna malikdir, lakin bu hüquq heç bir halda bütöv bir xalqın, millətin və ya cəmiyyətin ünvanına təhqiramiz sözlərlə müşayiət olunmamalıdır. İnformasiya hüququnun subyekti xalqdır. Xalqın bunu tələb etməyə haqqı var ki, jurnalistlərin təqdim etdiyi informasiya, müvafiq beynəlxalq sənədlərdə, o cümlədən Avropa Şurası Parlament Assambleyasının 1003 nömrəli qətnaməsində təsbit edildiyi kimi, mötəbər, doğru və qərəzsiz olsun.

Məktubda deyilir: “Birinci dəfə deyil ki, Y.Latınina “Exo Moskvı” radiosunun geniş auditoriyasından istifadə edərək Azərbaycan xalqını alçaltmağa və beləliklə, Rusiya ictimaiyyətində nifrət hissi formalaşdırmağa çalışır. Xatırlatmaq istərdim ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq və mehriban qonşuluq telləri bağlayır. Ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sanballı müqavilə-hüquqi baza mövcuddur. Bununla əlaqədar, xüsusi vurğulamaq istəyirəm ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqaviləyə uyğun olaraq, dövlətlərimiz separatizmin bütün təzahürlərini pisləyərək bir-birinin dövlət suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş separatist hərəkatları dəstəkləməmək barədə öhdəlik götürüblər. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli bəyannamə də dövlətlərimizin başçılarının öz idarə, təşkilat, şirkət və digər təsərrüfat subyektlərinin digər tərəfin suveren hüquqlarına və mənafelərinə ziyan vura biləcək fəaliyyətinə yol verməmək əzmini əks etdirir. Şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinə ciddi ziyan vuran bu cür ekstremist hərəkətlər millətlərarası ayrı-seçkiliyi və düşmənçiliyi qızışdırmağa yönəlib. Bu, həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının milli qanunvericiliyinə uyğun olaraq cinayət kimi cəzalandırılan əməldir”.

Azərbaycan səfiri yaranmış vəziyyəti nəzərə alaraq, “Exo Moskvı” radiosunun baş redaktorundan bu redaksiya tərəfindən müvafiq təkzib yayılması və bütün Azərbaycan xalqından üzr istənilməsi üçün Rusiya Federasiyasının “Kütləvi informasiya vasitələri haqqında” qanunu çərçivəsində zəruri tədbirlər görülməsini xahiş edib.

Müstəqil.Az

Share: