Müstəqil.Az VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının teleqraf.com-a müsahibəsini təqdim edir.
– Sabir bəy, Azərbaycan dövlət atributlarının konkret olaraq gerbin və himnin dəyişdirilməsi haqda təkliflər səslənir. Bu təkliflərə münasibətiniz necədir?
– 1991-1992-ci illərdə bu məsələlər müzakirə ediləndə bəzi təkliflərim olub. Xüsusilə, gerb və himnin musiqisinə münasibətdə mülahizələrimizi irəli sürmüşük. Mən Üzeyir Hacıbəyovun köhnə himnini daha çox bəyənirdim. Gerbin müzakirəsi cümhuriyyət zamanı yarımçıq qalmışdı, tam qəbul edilməmişdi. Amma mən şəxsən o gerbi də qəbul etmirdim. Azərbaycanın milliyi atributka tarixinə, bizim ümumi türk tarixindəki yaratdığımız və yaşatdığımız gerb nümunələri ilə o qədər də uyğun gəlmirdi. Mən hətta bu məsələnin müzakirəsinə etiraz etmişdim. Ürəyimə yatmırdı və sözümü deyirdim. Amma bu, artıq keçmişdə qalıb. Mən bu məsələlərə mühafizəkarlıqla yanaşılmasına tərəfəm. Bir halda ki, qəbul edilərək həyatımızın bir parçasına çevrilib, bu gün məsələnin yenidən müzakirəyə çıxarılmasının əleyhinəyəm. Qəbul etmişik, himni oxuyuruq, hər kəs gerbə öyrəşib. Yenidən bunu müzakirəyə çıxarmaq əvəzinə, digər qayğılarla məşğul olmağı doğru sayıram.
– Rəfail Hüseynov deyir ki, gerb əslində polyak sözüdür, rus dilində “h” hərfi olmadığından “g” kimi yazılır. Bu halda elə “gerb” sözünü orijinal formada işlətmək dilçilik baxımından daha məqsədəuyğun deyilmi?
– Kənardan alınan sözlərlə bağlı vahid sistem yoxdur. Bəzi alınma sözlər bizim dilimizə uyğunlaşdırılır, bəzilərini isə orijinalı qorunub saxlanılır. Ona görə də bu məsələyə konkret fikir bildirmək çətindir. Biz mümkün qədər alınma sözləri Azərbaycan dilinə uyğunlaşdırırıq. Başqa dillər də fərqli yol tutur. “Gerb” də, “herb” də bizim dilimizdə normal səslənir. Ona görə də, burada böyük ziddiyyət görmürəm. Hesab edirəm ki, bir prinsip olmalıdır. Bütün alınma sözlərdə “g” hərfini “h” hərfinə dəyişmişiksə, bunu da dəyişək. Yox, əgər dəyişməmişikə, olmaz. Dilimiz “gerb” sözünə öyrəşdiyinə görə buna toxunmaya da bilərik.
– Ancaq himnlə bağlı məsələ mütəmadi gündəmə gətirilir, himnin musiqisi və sözlərinin uzun olduğu söylənilir, bəzən himndə sözlərin dəyişdirilməsinin vacibliyi qeyd olunur. Səhv etmirəmsə, zamanında sizin də himnlə bağlı təklifləriniz olub..
– 1991-ci ildə belə fikir vardı ki, Üzeyir Hacıbəyovun Azərbaycan SSRİ-nin himni üçün yazdığı musiqini saxlayaq və ona yeni sözlər yazılsın. Bu haqda müzakirələr yekunlaşmamış mən də himn sözü olaraq ruhumuzu, duyğumuzu, dövlətçiliklə bağlı arzularımızı yığcam əks etdirən dörd bənddən ibarət şer yazmışdım. O vaxt savaş gedirdi, müzakirəyə vaxt da yox idi. Prinsipi belə oldu ki, dövləti bərpa ediriksə, onun atributları, hətta müzakirə edilib qəbul edilməyən variantlarını qəbul edək. Bu mənada hesab edirəm ki, rəsmi mərasimlərdə dövlət himnini qısaltmaq olar, vacib deyil ki, musiqi və sözləri sona qədər ifa edilsin. Yeri gəlmişkən, Türkiyənin himni də uzundur, amma rəsmi tədbirlərdə qısa oxunur. Bu mənada bizdə rəsmi mərasimlər üçün himni qısalda bilərik, amma onu yenidən dəyişməyə ehtiyac hiss etmirəm.
– Milli Məclisin Mədəniyyət komitəsinin sədri deyib ki, AXC hakimiyyəti dövründə Azərbaycan gerbində dəyişiklik edilib və orada ərəb əlifbası ilə Allah kəlamı yazılıb. Ona görə də gerb məsələsi yenidən dəyişdirilməli və dövrün tələbinə uyğun yenidən işlənilməlidir. Bu gerbin yenidən işlənməsi üçün ciddi arqument deyilmi?
– Ərəb dilində deyil. 1991-ci ildə bu məsələ müzakirə ediləndə mən etiraz edərək dedim ki, gerbimizi çəkənlər Azərbaycanın keçmişindən xəbərsiz şəxslər olub və s. Rəhmətlik Elçibəy də mənim fikrimlə razılaşmırdı. Müəyyən fikir ayrılığımız var idi. Sonda bunu milliləşdirmək üçün Allah sözü yazıldı. Bu ərəb dili ilə deyil. Əski Azərbaycan əlifbasında Allah sözü elə bu cür yazılır. Bu səbəbdən onun ərəb dilinə dəxili yoxdur, sadəcə, üzərində Allah sözü yazılıb. Bu yolla onu milliləşdirdik və qəbul edildi. İndi uzun illərdir bu gerbdən istifadə edirik. Məncə, indi bizim işimiz himni, gerbi, bayrağı dəyişmək deyil. Biz təzə müstəqillik qazanmışdıq və o dövr keçdi. Bu gün Cümhuriyyətin 100 illiyində başqa dəyərlər haqqında düşünməliyik, müstəqilliyi quranlara, Bakının rus, bolşevik və erməni işğalından azad edilməsində zəhməti olan Nuru Paşaya abidənin qoyulması haqda təkliflərə diqqət yetirməliyik.
Müstəqil.Az