Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümü oktyabrın 22-də start götürəcək.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Bunlar “Sabah”, NTD-İNDİQO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” kollektivləridir.
Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk altılıqda tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinal, digər dörd kollektiv isə 1/4 final mərhələsindən mübarizəyə start verəcək. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunları, “Sərhədçi” İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində keçiriləcək.