“Fransanın müstəmləkəçilik siyasətini qətiyyətlə pisləyən çıxışı alqışlayırıq”

“Fransanın müstəmləkəçilik siyasətini qətiyyətlə pisləyən çıxışı alqışlayırıq”

“4 oktyabr tarixində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyətinin Fransız Polineziyasından olan üzvü xanım Ella Tokoraqinin BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasındakı Fransanın müstəmləkəçilik siyasətini qətiyyətlə pisləyən çıxışını alqışlayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, E.Tokoraqinin çıxışında Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına minnətdarlığını yüksək qiymətləndirir, bəşəriyyətə qarşı cinayət olan müstəmləkəçiliyə qarşı çıxmağa, Fransa hökumətinin Fransız Polineziyası xalqına qarşı ədalətsizliyinə və bu ölkəyə vurduğu ziyana görə məsuliyyət daşımalı olmasına, kolonializmə və ya neokolonializmə son qoyulmasının beynəlxalq münasibətlərin mərkəzində dayanmalı olmasına dair çağırışlarını dəstəkləyirik.

“Qeyd edilən çıxış, habelə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı tədbirin davamı olaraq, Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 22 Sentyabr 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının qərargahında “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edilmiş “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans çərçivəsində aparılmış müzakirələr neo-kolonialist siyasətə qarşı mübarizənin əhəmiyyətini göstərib.

Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur.

Bu gün Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir.

Azərbaycan sülhü tərənnüm edən bir ölkə kimi müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə dəstəkləyib, bu istiqamətdə bütün dəstəyini əsirgəməyib, Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi yeni müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə öz prinsipial mövqeyini ortaya qoyub.

Ölkəmizin müstəmləkəçiliyə qarşı barışmaz münasibəti bundan sonra da birmənalı olaraq davam edəcək”, – məlumatda vurğulanıb.


Share: