Oktyabrın 7-də respublikada fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai birliklərinin ümumi yığıncaqları keçirilib.
Ali Məhkəmədən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri R.Rzayev açılış nitqində son illər həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatları haqqında məlumat verərək, hakimlərin ictimai birliklərinin bu işlərə daim dəstək verdiklərini bildirib.
Hakimlər Assosiasiyalarının qanun aliliyinin təmin olunması və ədalət mühakiməsinin həyata keçirilməsi, hakimlərin və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi və nüfuzunun qorunması, məhkəmə-hüquq islahatlarının dərinləşməsi və hakimlərin sosial problemlərinə dəstəyin göstərilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud 3 təşkilat əsasında respublikada fəaliyyət göstərən bütün hakimləri və hakimlik vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən bir ictimai birliyin təsis edilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra ümumi yığıncaq işinə davam edərək, mövcud ictimai birliklərin yenidən təşkili qaydasında Azərbaycan Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.
Nizamnamə ilə nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramiz Rzayev sədr, Sənan Hacıyev və Ələddin Cəfərov sədr müavinləri, Tahir Kazımov, Abiddin Hüseynov, Səadət Bektaşi, Vəli Abdullayev, Nuru Quliyev, Hökümə Babayeva, Ramin Qaraqurbanlı və Əsəd Mirzəliyev İdarə heyətinin, Günay Axundova, Fərid İsmayılzadə və Səlim Allahverdiyev Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
Eyni zamanda, İttifaqın tərkibində daimi əsaslarla fəaliyyət göstərəcək Beynəlxalq əlaqələr, Məhkəmə-hüquq islahatları, Tədris və etika məsələləri, Hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi və Kommunikasiya məsələləri komissiyaları təsis edilib.