“Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, – mən buna ümidliyəm, – bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlətimizin başçısı bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb.
“İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”, – deyə Prezident İlham Əliyev bildirib.