Visente Kintero: “Rusiya İrəvandan uzaqlaşdıqca onun müttəfiqləri Azərbaycanla yaxınlaşacaqlar”

Visente Kintero: “Rusiya İrəvandan uzaqlaşdıqca onun müttəfiqləri Azərbaycanla yaxınlaşacaqlar”

“Venesuelada Azərbaycanın haqlı olaraq öz suverenliyini bərpa etdiyini hesab edirlər, çünki Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Hazırda Karakas Ermənistan-Azərbaycan arasında yekun nizamlanma üzrə sülh danışıqlarına çağırır”.

Bunu Oxu.Az-a müsahibəsində venesuelalı politoloq Visente Kintero bildirib. Müsahibəni təqdim edirik:

– Venesuela ilə Azərbaycanın bir-biri ilə sıx əlaqələrı var. Hər iki ölkə Qoşulmama Hərəkatının (QH) üzvüdür. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına sədrliyi məhz Venesuela Azərbaycana ötürüb. Ölkənizin Prezidenti Nikolas Maduro isə iki dəfə Azərbaycana səfər edib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində tam suverenliyinin bərpası ilə nəticələnən bu yaxınlarda həyata keçirilmiş lokal antiterror tədbirlərinə Venesuelanın reaksiyası necə oldu?

– Hazırda deyə bilərik ki, Venesuelanın siyasi kursunun Azərbaycanın siyasi kursu ilə üst-üstə düşdüyünü göstərən amillər var. Söhbət həm xarici, həm də daxili siyasətdən gedir. Düşünürəm ki, növbəti illərdə əməkdaşlıq məkanı daha da genişlənəcək.

Azərbaycanın bütün ölkə ərazisində suverenliyinin bərpasına gəlincə, artıq dediyim kimi, biz bunun ədalətli addım olduğuna inanırıq. Ümid edirik ki, bundan sonra iki ölkə arasında sülh sazişinin imzalanmasına şərait yarada biləcək diplomatlar öz sözünü deyəcəklər.

– Əvvəllər də Venesuela ilə Azərbaycanın mövqeləri üst-üstə düşürdü. Karakas bundan sonra Azərbaycana dəstəyini davam etdirəcəkmi?

– Bəli, xüsusən də ona görə ki, dünyada baş verən hadisələr və digər amillər bizi ölkələrimizin yaxınlaşmasına daha da sövq edir. Venesuelanın xarici siyasətinə dövlətlərarası münasibətlər təsir edir. Rusiya Ermənistandan uzaqlaşır, bu isə çox vacib məqamdır. Moskva Karakasın müttəfiqlərindən biridir. Rusiya İrəvandan uzaqlaşdıqca onun digər müttəfiqləri Azərbaycanla yaxınlaşacaqlar. Venesuela və Azərbaycan, onsuz da, yaxındırlar, lakin daha da yaxınlaşacaqlar.

– Yeri gəlmişkən, Cənubi Amerikanın müasir tarixində ölkənin ərazi bütövlüyünü bərpa etdiyinə dair nümunələr olubmu?

– Bizim regionda bir-birinə qarşı həll olunması tələb olunan bir çox ərazi iddiaları var. Baxın, Kolumbiya bu yaxınlarda dəniz ərazi mübahisəsində Nikaraquaya qalib gəldi. Bu halda hərbi əməliyyatlar həyata keçirilmədən məsələni həll etmək mümkün olub. BMT-nin Beynəlxalq Məhkəməsi Nikaraquanın iddialarını rədd edib. Manaqua Karib dənizindəki şelf zonasına iqtisadi hüquqların genişləndirilməsində israr edirdi. Lakin bir çox problem hələ də həllini tapmayıb.

Nair Əliyev

Share: