Onun ən böyük uğuru qurban vermədən böyük-böyük şəhərləri düşməndən azad etməyidir. Xankəndidə, Kəlbəcərdə, Ağdamda, Laçında, Xocalıda döyüşlər olsaydı, biz minlərlə oğullar itirəcəkdik, rəqəmlər fəlakətli olacaqdı. Övladlarımız bu siyasətə görə sağ qaldı. Xalq erməni işğalından boğaza yığılmışdı, hamımız ölməyə razı idik, təki torpaqlar azad olunsun!
Biz kişilər oğul böyüdüb fəxr edə bilmirdik. Mənim yaşıdlarım birinci müharibədə gənc idilər. İkinci müharibədə mən artıq ahıl adamam. İnamımızın sındığı dövrdə meydana İlham Əliyev girdi. Döyüş meydanına, ər meydanına. O elə müharibə apardı ki, tək biz yox, düşmən alqışladı. Açın erməni saytlarını oxuyun. Görün bizim prezidentə necə qibtə edirlər. Nəhəng siyasi xadim təkcə öz ölkəsinin yox, qonşu xalqların da xilaskarıdır. Erməni xalqına İLham Əliyev böyük yaxşılıq edib. Onları axmaq, özülsüz, mənasız xülyadan ayıldıb. Onlara faşist xislətinin bir milləti necə məhv edə bilər, onu anladıb.
Diqqət edin, Qafqaz son dövrlərdə üç lider yetişdirib: İlham Əliyev, Mixael Saakaşvili, Nikol Paşinyan.
Hansı uğurludur?
Saakaşvili inqilab yolu seçdi, taktiki gedişlər etdi, nəticədə məğlub oldu, torpaq itirdi.
Nikol Paşinyan eyforiyaya qapıldı, Qərb “demokratiyasının” işğal siyasəti olduğunu anlamadı. Nəticə bəllidi.
İlham Əliyev strateji siyasət yeritdi, ölkəsinin iqtisadiyyatını qurdu, ordu yaratdı, 20 ildə bir sözünü iki eləmədi, dünyada əmin adam imici qazandı. Bu gün onu nəhəng dövlətlər yeni siyasi xəttin, yeni dövlətçilik fəlsəfəsinin banisi hesab edir. Bu tək onun fəxarəti deyil, bütövlükdə xalqın dirçəlişi, dünyanın hər tərəfində tanınmasıdır!
Müharibəni udub, düşmən əhalisini xilas edən tək liderdir! Ən böyük “no war “çı odur. Ən böyük sülh adamı odur.
Ona bilirsiz kimin duaları kömək olur?
Birinci müharibədən sonra yaşlı kişilər vardı e, hər “Xəbərlər” verlişi başlayanda nəvələrindən soruşurdu?
“Oğul, torpaqlardan nə xəbər?”, o kişilərin! Onlar torpaq xiffətiylə öldülər.
O kişilərin ruhu onu həmişə qoruyacaq!
İlham Əliyev işğal dövründə dağılmış talelərin, yarımçıq sevgilərin təskinlik yeridir!
Xoşbəxtəm ki, dünyadan o nisgillə köçməyəcəm. Bizim nəsildaşların üstündən qara ləkə götürüldü. Bu böyük qələbədən sonra Azərbaycan ailəsində böyük dühalar doğulacaq. Məğlub mühit öldürücüdür. Gün düşməyən bitki kimi günü-gündən cılızlaşırdıq. Məğlubiyyət bizi hər gün öldürürdü!
Bu gün böyük gündür, dirilik günüdür!
Qısa zamanda nəhəng siyasi xadim yaradan xalq xoşbəxt olmalıdır, xoşbəxtdir!
Bundan sonra mən də müharibə istəmirəm!
Bu günün memarını, bu günün xalqını təbrik edirəm!
İlham Əziz