“Qələbəyə həm ideoloji, həm də savaş meydanında töhfə vermişik” – FOTO

“Qələbəyə həm ideoloji, həm də savaş meydanında töhfə vermişik” – FOTO
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə işğaldan azad edilmiş rayon təşkilatının üzvləri arasında görüş keçirilib.
Müstəqil.az VHP-yə istinadla xəbər verir ki, 11 rayon təşkilatının sədrinin qatıldığı tədbiri giriş sözü ilə Partiya Ali Məclisinin sədri Felmar Ələkbərli açıb. O, Zəfər savaşı və son antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün təmin edilməsinin böyük tarixi hadisə olduğunu, Xankəndində və Qarabağın digər şəhərlərində üçrəngli bayrağımızın ucaldılmasının qələbəmizin yekunu olduğunu qeyd edib.
Daha sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli tədbirdə iştirak edən rayon təşkilatlarını təqdim edib. O, bildirib ki, toplantıya Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayon, Xankəndi şəhər təşkilatlarının sədrləri və təşkilat rəhbərliyinə daxil olan şəxslər qatılıb.
İlk olaraq çıxış edən VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov Qarabağ münaqişəsi başlayan ilk gündən Sabir Rüstəmxanlının hər zaman bu məsələni diqqətdə saxladığını, işğal bölgəsindən olan təşkilatlara hər cür dəstək göstərdiyini bildirib. Meşəli qatili Xaçaturyanın məhkəmə prosesində iştirak edən Mikayıl bəy bu illər ərzində xalqımıza faciə yaşadan bütün erməni cinayətkarlarının layiqli cəzasını alacağını deyib.
VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı bir şuşalı kimi hər zaman Qarabağlı günlərdən danışarkən kövrəldiyini, amma indi yalnız sevinc göz yaşları axıtdığını bildirib: “Mənim Şuşa xatirələrim saatlarla bitməz, bu gün bizə bu sevinci yaşadan torpaqlarımızda ucalan şanlı bayrağımızdır”.
Daha sonra VHP Ağdam, Qubadlı, Laçın, Xankəndi, Xocavənd, Cəbrayıl rayon təşkilatlarıının sədrləri çıxış edərək Zəfər Savaşı və milli qələbəmizin yaşatdığı qürurdan danışıblar.
Sonda Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bu görüşün tarixi günlərə təsadüf etdiyini bildirib:
“44 günlük Zəfər savaşı ilə biz düşmənə zərbə vurub torpaqlarımızı azad etmişdik, ancaq bir ay öncə keçirilən antiterror tədbirləri bizim qələbəmizi tam yekunlaşdırdı. Bu gün Xankəndində dövlət bayrağımız dalğalanır və bu, ərazi bütövlüyümüzün möhtəşəm simvoludur. Azərbaycan xalqı 30 illik vətən həsrətinə son qoydu. 1988-ci ildən biz həm Vətən, həm də Azadlıq davamızın mərkəzindəyik. Bu yola “Nicatımız Vətəndaş Həmrəyliyindədir” deyə çıxmışdıq və zaman bizim yolumuzun, ideologiyamızın düz olduğunu təsdiqlədi. Bununla hər bir VHP-çi qürur duya bilər. Burda çıxış edən rayon təşkilat sədrlərinin bir çoxu həm də Birinci Qarabağ Müharibəsi veteranıdır. Bu da qürurverici bir faktdır. Demək VHP bu böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz töhfəsini verib”.
Zaur, BakuPost

Share: