Bakı Avrasiya Universitetində (BAAU) Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Türkiyə Cumhuriyyəti və Azərbaycan filologiyası” respublika konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Bakı Avrasiya Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” və “Nəzəri dilçilik və türk dilləri” kafedralarının birgə təşkilatçılığı ilə keçirilib.
Açılış tədbirində BAAU-nun rektoru, prof. Nazim Hüseynli, Niğde Ömer Halisdemir Universitetinin rektoru, prof. Hasan Uslu, Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç, BAAU-nun Tədris işləri üzrə prorektoru, f.ü.f.d, dosent Nigar Hüseynova, Elmi işlər üzrə prorektor, siyasi elmlər üzrə elmlər doktoru, prof. Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Siyavuş Qasımov, professor Firudin Cəlilov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzinin direktoru, prof. Sevinc Əliyeva, BAAU-nın “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədova-Kekeç, “Nəzəri dilçilik və türk dilləri” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəyli iştirak ediblər.
6 bölmədən ibarət olan tədbirdə Türkiyədə filoloji fikrin yeni inkişaf mərhələlərinin tədqiq olunması, Cumhuriyyət dövründə qələmə alınmış əsərlərin təhlil edilməsi, həmin dövrdə Azərbaycandan mühacirətə getmiş görkəmli ədiblərimizin yaradıcılığına yenidən nəzər salınması, türk dillərinin tədqiqi və tədrisi problemlərinin öyrənilməsi və digər aktual mövzular diqqət mərkəzində olub.