Ceyhun Bayramov Tehranda “3+3” platformasının iclasında bəyanatla çıxış edib

Ceyhun Bayramov Tehranda “3+3” platformasının iclasında bəyanatla çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında bəyanatla çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesablarında məlumat yayıb.

Nazir bəyanatında region ölkələri arasında praqmatik, nəticəyönümlü və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunu vurğulayıb.

17:49

İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüş başlayıb.

Bu barədə ISNA xəbər verir.

Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.

Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxildir. Lakin rəsmi Tbilisi Tehran görüşündə iştirak etmir. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.

11:31

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan XİN məlumat verib.

Qeyd olunur ki, səfər çərçivəsində Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

09:42

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Share: