1 aya yaxındır davam edən müharibədə HƏMAS İsrailə qarşı ən böyük və əsas fəaliyyətlərini məhz “İzzəddin əl-Qəssam Briqadaları” vasitəsi ilə həyata keçirir.
Həmin briqadanın yaranmasının əsas səbəblərindən biri isə 1935-ci ildə Fələstində ingilis müstəmləkəçiliyinə qarşı döyüşdə həlak olan İzzəddin əl-Qəssamın xatirəsidir.
Bəs, İzzəddin əl-Qəssam kimdir?
“Qafqazinfo” xarici mətbuata istinadən İzzəddin əl-Qəssamın həyatı ilə bağlı bəzi detalları təqdim edir:
İzzəddin əl-Qəssam Suriyanın Latakiya şəhərinin Cebale kəndində anadan olub.
Onun həyata baxışının formalaşmasında kənd müəllimi olan atası böyük rol oynayıb. İzzəddin əl-Qəssam 14 yaşında kəndi tərk edərək Qahirədə Əl-Əzhər Universitetinə daxil olur. Daha sonra əl-Qəssam kəndinə qayıdaraq burada məsciddə imam işləməyə başlayır.
Əl-Qəssam 1911-ci ildə İtaliya Tripolini işğal etdikdən sonra bölgəyə gedərək Osmanlı qoşunları ilə italyanlara qarşı döyüşür. Birinci Dünya Müharibəsi zamanı Osmanlı ordusuna yazılır.
Fələstindəki fəaliyyəti
Əl-Qəssam 1922-ci ildə Fələstin ərazisində olan Hayfa şəhəri yaxınlığındakı kənddə məskunlaşır.
O, Hayfada İslam məktəbində dərs deməyə başlayır və Gənc Müsəlman Liqasına qoşulur. Burada təsadüfən Fələstin milli müharibəsinə rəhbərlik edən Hacı Əmin əl-Hüseyni ilə tanış olur.
Şeyx İzzəddin əl-Qəssam Fələstindəki fransız işğalına qarşı müqavimət göstərmək üçün kiçik hərbi hücrələr yaradır. Bura cihada çağırış, siyasi ünsiyyət, düşmənlərə qarşı casusluq və hərbi təlim üçün ixtisaslaşmış bölmələr fəaliyyət göstərir.
Əl-Qəssamın ölümü
Əl-Qəssamın Fələstindəki silahlı mübarizəsi İngiltərəni narahat edirdi.
Qəssamın əsas məqsədi yəhudiləri dayandırmaq və Britaniya kəşfiyyatı üçün casusluq edən agentləri tutmaq idi.
İngilis qüvvələri İzzəddin əl-Qəssamın Fələstinin Əl-Bared kəndində gizləndiyindən xəbər tutur.
Lakin əl-Qəssam və onun 15 ardıcılı Şeyx Zayed kəndinə qaça bilir. 1935-ci il noyabrın 19-da Britaniya qüvvələri onları yüzlərlə əsgərin əhatəsində tapır və qonşu kəndlərlə əlaqəni kəsir.
Noyabrın 20-də baş verən qarşıdurmanın sonunda isə Şeyx İzzəddin əl-Qəssam və onun bəzi dostları öldürülür.
Məhz Fələstindəki fəaliyyətinə görə HƏMAS silahlı qanadına onun adını verir.