Artıq bir neçə ildir ki, Bakıda tıxac qarşısıalınmaz problemə çevrilib. Təhsil müəssisələrinin yay tətili dövründə yollardakı sıxlıq nisbətən seyrəlsə də, xüsusən sentyabr ayının ortalarından vəziyyət dözülməz həddə çatıb. Əvvəllər vətəndaşların işə getmə və işdən çıxma saatları günün pik vaxtı hesab olunurdusa, çoxdandır ki, bu, bütün saatlar üçün keçərlidir. Hətta iş və ya istirahət günü olması da Bakı yollarında heç bir fərq yaratmır.
“Qafqazinfo”nun məlumatına görə, şəhərdə tıxacların qarşısını almaq üçün artıq bir neçə ildir ki, müəyyən tədbirlər görülür. Bir neçə gün əvvəl Prezident tərəfindən 6 hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılması ilə bağlı məlumat vermişdik. Yeni yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin etməyə hesablanıb. Həmçinin bir müddətdir ki, problemin həlli üçün yollarda xüsusi avtobus zolaqlarından istifadə olunur. Oktyabrın əvvəllərində Bakının şimal girişindəki sıxlığı azaltmaq üçün Bakı-Sumqayıt yolunda (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər) ictimai nəqliyyat üçün zolaq çəkilib. Bütün bunlar mühüm addımlar olsa da, şəhər əhalisinin durmadan artması, paytaxta axın, daha az əhaliyə hesablanmış və ağırlığa tab gətirməyən infrastruktur tıxac problemini kökündən həll etməyə imkan vermir. Ümid qalır dəmir yolu ilə sərnişindaşımaya.
Vaxtilə Bakının kənd və qəsəbələrinə, o cümlədən Abşeronun bağlar massivinə sərnişindaşımada mühüm yer tutan elektrik qatarları təxminən 10 ilə yaxın fasilədən sonra fəaliyyətini qismən bərpa edib. Lakin təəssüf ki, yalnız iki – Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət var.
Bakı kəndlərinin, Maştağa, Buzovna və Bilgəh qəsəbələrinin əhalisi isə hələ də bu həm qiymət baxımından münasib, həm də ekoloji cəhətdən daha sərfəli olan nəqliyyat növündən istifadə edə bilmir. Halbuki, Sumqayıtdan Bakıya ekspress qatarın açılması sərnişinlər üçün ən azı 30-40 dəqiqə vaxta qənaət və daha komfortlu gedi-gəliş deməkdir. Həmçinin Bakı kəndlərindən də analoji ekspress qatarların istifadəyə verilməsi tıxac problemi ilə yanaşı həm də vaxta qənaətdir.
Digər problemi isə hazırda mövcud olan dəmir yolunun üzərindəki stansiyaların hamısının işlək olmaması ilə bağlıdır. Paytaxtın “Nəriman Nərimanov” dəmiryol stansiyası hələ də sərnişinlərin üzünə açılmayıb. Bakı-Pirşağı-Sumqayıt sürət qatarı sözügedən stansiyadan keçsə də, işlək vəziyyətdə olmadığından qatarlar burada dayanmır.
Mütəxəssislər hesab edirlər ki, dünyanın əksər ölkələrində dəmir yolu ilə sərnişindaşımalar sosial xarakterlidir və bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. Daha təhlükəsiz və ekoloji baxımdan sərfəli olduğunu nəzərə alaraq dəmir yolu ilə sərnişindaşımada xidmət səviyyəsini yüksəltməklə rentabelliyə nail olmaq olar.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyevin saytımıza bildirdiyinə görə, relsli nəqliyyata yatırım edilməli, mövcud şəbəkə modernləşdirilib müasir dövrün tələbinə uyğun yenilənməlidir. Qatar sayını artırmaqla mobillik təmin oluna bilər: “1985-ci ildə Bakıətrafında, Abşeronda 500 min əhalinin mobilliyini təmin etmək üçün 15-20 dəqiqə intervalla 120 cüt qatar işləyirdi. 2009-cu ildən qatarla sərnişindaşıma tamam dayandı və 2015-ci ildən Abşeron dairəsində 91 km bərpa olundu. Hazırda aktiv sərnişindaşıma fəaliyyəti göstərilir, sadəcə, Abşeron dairəsində qatar sayı artırılmalıdır ki, intervalı azaltmaq mümkün olsun. Bunun üçün müəyyən sifarişlər olunub. Burada həm Bakı və regionlar arasında fəaliyyət göstərəcək qatarlar, həm də Bakı dairəsinə əlavə olunacaq qatarlar da nəzərdə tutulub”.
Şəbəkənin genişləndirilməsinə gəlincə isə, ekspert hesab edir ki, bu da dövlətin investisiya layihələrindən asılıdır: “Bu sahəyə əlavə pul yatırılmasına ehtiyac var. Onu da yaxın illərdə icra edəcəklər. Bakı şəhərinin Baş Planında həmin istiqamətlər – həm Hövsan istiqaməti, həm də Binəni keçməklə üzü Zirəyə qədər olan digər istiqamət və Maştağa, bağlar istiqaməti nəzərdə tutulub.
Digər məsələ, mövcud dəmir yolu üzərində stansiyaların açılması da Baş Planda nəzərdə tutulub. “Nərimanov” stansiyası məkan olaraq yaxşı yerdədir. Lakin yenidənqurma zamanı bəzi platformalar söküldüyünə görə burada əlavə tikinti-quraşdırma işlərinə ehtiyac olacaq. O sahəni balaca bir nəqliyyat mübadilə mərkəzinə də çevirmək olar. Dəmir yollarından başqa, digər qurumların da ora diqqət ayırmasına ehtiyac var. Ərazidə müəyyən tikililər sökülməli, piyada infrastrukturu qurulmalı, avtobusların əlaqələndirilməsi təmin olunmalıdır. Bu halda qismən “Xətai” metrostansiyasından sərnişin axınını özünə tərəf çəkə bilərdi və “28 May” istiqamətində bu qədər yüklənmə olmazdı. Bunlar qurulduğu təqdirdə sərnişin axınının parçalanmasına və yeni çıxış imkanlarının yaradılmasına imkan yaranmış olar”.
Problemlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən sorğumuza cavab ala bilmədik. Qurumdan mətbuata daha əvvəl “Nəriman Nərimanov” stansiyasının nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavab olaraq bildirilmişdi ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə qatarlara dayanacaq verilir: “Gələcəkdə “Nəriman Nərimanov” stansiyası istiqamətində sərnişin tələbatı artarsa, sərnişindaşıma fəaliyyətinin bərpası üçün platforma və infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdən keçirilə bilər”.
Gülnar Əliyeva