Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turniri başa çatıb.
“Report”un məlumatına görə, Zəfər Günü münasibətilə Bakı Tennis Akademiyasının stadionunda təşkil olunmuş turnirinin son günündə həlledici görüşlər və bağlanış mərasimi baş tutub.
İlk olaraq “Ardanış” ilə “Loru-Borçalı” komandaları 3-cü yer uğrunda matçda üz-üzə gəliblər. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Ardanış” bürünc medala yiyələnib.
Ardından final görüşü olub. Həlledici qarşılaşmada “İrəvan” və “Çəmbərək” komandaları münasibətlərinə aydınlıq gətiriblər. 7:5 hesablı qələbə qazanan “Çəmbərək” kubokun sahibi olub.
Final qarşılaşmasından sonra bağlanış mərasimi təşkil olunub. İlk olaraq şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxış edib. Yarışın təşkilatçısı maraqlı turnir keçirildiyini bildirib. Həmçinin futbol veteranları Ağasəlim Mircavadov, Yaşar Vahabzadə, Şahin Diniyev, Arif Əsədov, Mətbuat Şurasının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, eləcə də, digər qurumların nümayəndələri çıxışlarında şəhid jurnalistlərin əziz xatirəsini ehtiramla yad edib, qalibləri təbrik ediblər.
Sonda medal qazanan komandalarla yanaşı, turnirin ən yaxşısı Nəcəf Nəcəfzadə, ən məhsuldar futbolçusu Azad Əliyev, ən yaxşı qapıçısı Hüseyn Məhəmmədov və nümunəvi komandası “Qərbi Azərbaycan” xüsusi mükafat alıblar. Çempion komandaya kuboku AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov təqdim edib.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə həvəskarlar arasında təşkil olunmuş turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında çıxış ediblər. “Sultan Keramik”, “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə təşkil olunan ənənəvi turnirə informasiya dəstəyini AZƏRTAC, Az.TV, “Report” İnformasiya Agentliyi və “Rakus.az” saytı veriblər.