Azay Kərimov: “O vaxt Vaqif Xaçatryanı tutmuşduq”

Azay Kərimov: “O vaxt Vaqif Xaçatryanı tutmuşduq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsinin qazisi Azay Kərimov Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Oxu.Az-ın məlumatına görə, Azay Kərimov bildirib ki, Vaqif Xaçatryanı şəxsən tanıyır.

Azay Kərimov deyib ki, Qarabağ münaqişəsi başlayanda sonradan Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın iki dəstəsi var idi.

“Qruplardan biri ermənilər yaşayan kəndlərə girirdi. Kim ki silahlı münaqişəyə qoşulmaq istəmirdi, onların başlarına oyun açırdılar. İkinci qrup isə erməni silahlılarına nəzarət edirdi. Onlar dəstədən qaçanları öldürürdülər. Vaqif Xaçatryan haqqında da məlumatımız var idi. Vaqif Xaçatryan milli münaqişəni qızışdıranlardan biri idi. Mən o zaman polis idim. Vaqif Xaçatryanı əməllərinə görə tutmuşduq. Onu dindirdik. Özü də indi etiraf edir ki, həmin dindirilmə zamanı işgəncəyə məruz qalmayıb. Sonra Vaqif buraxıldı”, – deyə Azay Kərimov bildirib.

Azay Kərimov bildirib ki, Vaqif Xaçatryan həbsdə olarkən damarını dişləmişdi.

“O zaman Vaqif öz hökmünü özü vermişdi”, – deyə Azay Kərimov bildirib.

10:20

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Oxu.Az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

08:50

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Oxu.Az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.

Share: