Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Kayseri şəhərində 57 yaşlı Mustafa Halıcıoğlu adlı şəxs təmir etdiyi evinin altında 2 min illik yeraltı şəhər tapıb.
Memar Sinanın evinin yerləşdiyi küçədə yaşayan Mustafa Halıcıoğlu 5 il əvvəl evini təmir etdirməyə başlayıb. O, küçədəki 4 evi də satın alıb və təmir işlərini genişləndirib. Təmir işləri zamanı samanlıq kimi istifadə edilən yerləri təmizləyən Halıcıoğlu evinin altında yeraltı şəhər olduğunu aşkar edib.
Nəticədə onun evinin altında 200 metr uzunluğunda, 2 min illik yeraltı şəhər tapılıb.
Bölgədə mütəxəssislər tərəfindən tapıntı ilə bağlı işlərə başlanılıb.
Halıcıoğlunun kəşf etdiyi yeraltı şəhər Ətraf Mühit və Mədəni Dəyərlərin Qorunması və Təbliği Fondunun (ÇEKÜL) köməyi ilə üzə çıxarılıb. Yeraltı şəhərə isə “Halıcıoğlu yeraltı şəhəri” adı verilib.
ÇEKÜL-ün nümayəndəsi, professor Osman Özsoy şəhərin qədim tarixə malik olduğunu bildirib:
“Burada bəzi yerlər digərlərinin mülkiyyətində olduğu üçün qapalı haldadır. Lakin o yerləri də nəzərə alsaq, yeraltı şəhərin ən az 150-200 metr uzunluğunda olduğunu demək olar. Bölgədəki yeraltı şəhərlərin tarixi qədər qədimdir, ən azı 2 min illik olduğunu deyə bilərik. Sakinlər tədricən buranı tərk etdiyi üçün ərazi sonra gələn insanlar tərəfindən tövlə, samanlıq və anbar kimi istifadə olunub”.
Mustafa Halıcıoğlu işlərin hələ də davam etdiyini nəzərə çatdırıb.
“Evin altında yeraltı şəhər olduğunu bilmirdik. Bu yerləri tövlə, samanlıq kimi istifadə edirdik. İşıqsız içəri girməyə qorxurduq. Təmizlik işləri zamanı yeraltı şəhər üzə çıxdı. 3-4 mərtəbəli olduğunu təxmin edirik. Buranı ciddi şəkildə gün üzünə çıxarmaq lazımdır, burada qədim bir tarix yatır”, – deyə o əlavə edib.
Mənbə: Haber Global