Azad edilən “Canavar” yüksəkliyi, şəhadətdən öncə çəkilən şəkil: Vətən müharibəsinin qəhrəmanları

Azad edilən “Canavar” yüksəkliyi, şəhadətdən öncə çəkilən şəkil: Vətən müharibəsinin qəhrəmanları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən üç il keçir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. 44 gün davam edən müharibədə noyabrın 9-na qədər beş şəhəri, dörd qəsəbəni və 286 kəndi düşmən işğalından azad edib.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarılıb.

Oxu.Az-ın əməkdaşı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində iştirak edən bir neçə zabiti ilə həmsöhbət olub.

Azərbaycan Ordusunun mayoru, 1988-ci il təvəllüdlü Səhman Fəxrəddin oğlu Cəfərzadə Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib:

“Müharibədən öncə Azərbaycan Ordusunda xidmət edən zabitlər üçün müxtəlif hazırlıq təlimləri keçirilib. Həmin təlimlərin hər birində iştirak etmişəm. 2020-ci ildə xidmətdə olduğum hərbi hissəyə müvafiq olaraq döyüş tapşırığını yerinə yetirməyimiz üçün əmr gəldi. İlk olaraq Murovdağ istiqamətində döyüşlərə qatılmaq tapşırığı aldıq. Döyüş tapşırıqlarının icrasına təxminən 300 nəfərlik heyət ilə başladıq. Heyət bir neçə qrupa bölünərək Kəlbəcər istiqamətində döyüşlərə girdik. Tabeçiliyimdə 200-ə yaxın hərbçi olub.

Müharibə düşmən tərəfindən edilən təxribat nəticəsində başladı. Biz əks-hücum əməliyyatlarına keçdik.  Bu zaman bizim şəxsi heyət döyüş tapşırıqlarına müvafiq olaraq düşmən postlarına hücuma keçdi. Döyüş tapşırığı uğurla həyata keçirildi və düşmənin bir neçə strateji mövqeyi ələ keçirildi”.

Azad edilən “Canavar” yüksəkliyi

Vətən müharibəsinin ilk günlərində Kəlbəcərdə azad edilən “Canavar” yüksəkliyi adlandırılan ərazi dəniz səviyyəsindən 3 381 m yüksəkdədir.

Mayor Səhman Cəfərzadənin sözlərinə görə, yüksəkliyin düşməndən azad edilməsi istiqamətində qızğın döyüşlər gedib:

“Kəlbəcərdə “Canavar” yüksəkliyi adlandırılan ərazi tabor komandiri olan mayor Rahib Babayevin rəhbərliyi altında düşməndən azad edildi. Həmin qızğın döyüşdə onların dəstəsindən cəmi bir hərbçi yaralanmışdı. Murovdağ istiqamətindəki digər yüksəklikdə isə düşmən postuna girən ilk hərbçilərdən biri baş leytenant Rahim Mikayılov olub. Bölük komandiri olan baş leytenant xidmət etdiyi “N” saylı hərbi hissənin ilk şəhidlərindən biri oldu. Qəhrəmancasına döyüşdü. O, düşmən postuna girdi və postun qarşısında şəhadətə ucaldı.

Döyüş davam etdirildi, qisas alındı və həmin “3358” yüksəkliyi düşməndən azad edildi. Post alındıqdan sonra müdafiə bizim heyətə tapşırıldı. Oktyabrda düşmən artilleriyasının hücumu nəticəsində yenidən atışma oldu. Təəssüf ki, bu zaman itkilərimiz oldu”.

Mayor döyüş tapşırığını yerinə yetirdiyi ərazilərin dağlıq olduğunu və düşmənin qənimət olaraq ələ keçiriləcək ağır texnikasının olmadığını deyir:

“Düşmən orada, sadəcə, mövqelənib, postlar qurmuşdu. Orada atıcı silahlar, əl qumbaraları vardı. O istiqamətdə olan bir neçə artilleriya qurğusu və minaatanlar müəyyən olunaraq tərəfimizdən məhv edildi”.

Düşməni öz tələsinə salan igidlər

Müsahibim deyir ki, mənfur düşmən onlara pusqu qursa da, igidlərimizin ayıq-sayıqlığı nəticəsində özü öz tələsinə düşüb:

“Düşmən tərəfindən bizim üçün pusqu hazırlanmışdı. Lakin onlar bizim döyüş hazırlığımızın nə qədər yüksək səviyyədə olduğunu ağıllarına belə gətirə bilməzdilər. Belə ki, bizim heyət xüsusi texniki vasitələrlə minalanmış ərazini müəyyən etdi. Təlim keçmiş peşəkar silahdaşlarımız minalanmış ərazilərdən tək-tək cığır vasitəsilə keçirdilər”.

Çəkilən son şəkil…

Mayor Vüsal Vəliyev döyüşə girməzdən öncə son dəfə şəkil çəkdirmək istəyib:

“Bizim igid, şərəfli zabitlərimizdən biri mayor Vəliyev Vüsal idi. Ağdərə istiqamətində döyüşə girməzdən öncə mənə gəl şəkil çəkdirək dedi. “Elə indi?”- deyə sual verdim. “Hə, gəl çəkdirək, mən qayıtmayacağam”, – dedi. O an bu mənə çox pis təsir etdi. Ona: “Belə danışma”, – dedim. Müharibə vaxtı onun şəhadətə ucaldığını eşidəndə, sadəcə olaraq, donub qaldım. Bizim çəkilən son şəklimiz oldu”.

Zəfər tarixini yazan cəsur hərbçilərimizdən digəri isə 1995-ci il təvəllüdlü baş leytenant Camal Məmmədovdur. Həmsöhbətimiz müharibəyə qədər ölkənin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmətdə olub:

“2017-ci ildə təhsilimi başa vurub xidmət üçün “N” saylı hərbi hissəyə göndərildim. Üç il xidmət etdim. Daha sonra müharibə başlayan il, yəni 2020-ci ilin iyul ayında bizi təlimlər üçün başqa hərbi hissəyə göndərdilər. Sentyabrda başlayan əks-hücum əməliyyatlarında Murovdağ istiqamətindən başlayaraq döyüşlərə qoşulmuşam.

90 nəfərlik şəxsi heyətlə bizə verilən döyüş tapşırıqlarının icrası üçün müvafiq istiqamətdə irəlilədik. Kəlbəcər istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla icra edib düşmənin bir neçə postunu ələ keçirdik. Növbəti istiqamətimiz Ağdərə oldu. Oktyabrın 2-də Ağdərə istiqamətində gedən döyüşlərdə heyətimizdə olan hərbçilər arasında yaralananlar oldu. Düşmənin canlı qüvvəsi və texnikaları məhv edildi.

Təəssüf ki, düşmənin artilleriya zərbələri nəticəsində qəlpə yarası alan silahdaşlarımız – Vüsal Vəliyev, Həsənağa Abdullazadə və digərləri şəhid oldular”.

Düşmənin 10 metrliyində üzbəüz gedən döyüş

Baş leytenant Camal Məmmədov deyir ki, düşmən səngərinə girib bir saat üzbəüz atışıblar:

“Həmin döyüş çox gərgin keçdi. Aramızda məsafə təxminən 10 metr idi. Əl qumbaralarından istifadə edərək düşməni məhv etdik. Hətta döyüşdə yaralanan hərbçilərimiz belə dayanmırdılar. Yaralarını bağlayıb silahın daraqlarını doldurub bizə verirdilər. Biz də dayanmadan düşməni atəşə tuturduq. Yaralı halda belə köməkləşirdik. Bizim ordunun hərbçiləri son nəfəslərinə qədər bir-birinin kürəyini boş qoymadılar. Qanımız bir-birinə qarışana qədər mübarizəmizdən əl çəkmədik.

Həmin mənə darağı doldurub verən hərbçi ciyərindən ağır yaralandığı üçün ordu sıralarından tərxis edildi. Amma şükür olsun ki, həyatdadır”.

Düşmən əks-hücuma cəhd etsə də, itkilər verib

Həmsöhbətim deyir ki, düşmən yenidən Ağdərə istiqamətində “3358” yüksəkliyi uğrunda əks-hücuma cəhd edib:

“Məğlubiyyəti həzm edə bilməyən düşmən “postu”nu yenidən qaytarmaq üçün gecə saatlarında əks-hücuma keçdi. Bizim artilleriya zərbələrindən qorxub gizlənməyə məcbur oldular. Təəssüf ki, bizim heyət irəlilədikcə, düşmən iki tərəfdən pusqu qurmağa müvəffəq oldu. Həmin postdan çox itki verməmək üçün geri çəkilməli olduq. Ali Baş Komandanın əmri ilə son antiterror əməliyyatları zamanı həmin yüksəklik də mənfur düşməndən azad edildi.

Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Zəfər tarixində şəhid qardaşlarımızın haqqı böyükdür, Allah onlara rəhmət eləsin! Qazi qardaşlarımıza Allah şəfa versin. Qisasımız alındı. Şəhidlərin ruhu bu gün azad Qarabağ torpaqlarındadır”.

Qeyd edək ki, baş leytenant Camal Məmmədov Vətən müharibəsində göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Könül Cəfərli

Share: