Zəfər Günü: “Hanı bizim bəstəkarlar, şairlər, yazıçılar?”

Zəfər Günü: “Hanı bizim bəstəkarlar, şairlər, yazıçılar?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəfər tariximizi taclandıracaq mahnılara, şeirlərə, tamaşalara, filmlərə ehtiyac var. Bu sahədə müəyyən addımlar atılsa da, incəsənət xadimləri mövcud vəziyyətdən o qədər də razı deyillər.

Zəfər tariximizdən üç il keçir. Tarixi zəfərimizi istənilən sahədə dünyaya çatdırmaq önəmlidir. Geniş auditoriyası olan sahələrdən biri də mədəniyyətdir. Bəs Zəfər Günümüz mədəni müstəvidə layiqincə tərənnüm olunurmu? Zəfərimiz filmlərdə, ədəbiyyatda, musiqimizdə öz dəyərini, layiqli yerini ala bilirmi?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

“Hanı bizim şairlərin zəfər şeirləri…”

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov deyir ki, Zəfər Gününə həsr olunan maraqlı tamaşalar olub: “Onlardan biri də Xalq artisti Azər Paşa Nemətovun hazırladığı möhtəşəm sənət əsəri idi. Onun ölümündən öncə hazırladığı Zəfər tarixinə həs edilən tamaşası uğurlu alınmışdı. Amma bütün bunlar yetərli deyil. İstər-istəməz sual yaranır: hanı bizim bəstəkarlar, şairlər, yazıçılar? Onlar bu üç il ərzində Azərbaycanın Zəfəri ilə bağlı şeirlər, poemalar yazmalıydılar. Bunlar təəssüf ki, yoxdur. 44 günlük müharibənin son qoyduğu torpaq həsrətini təcəssüm etdirən filmlər də yoxdur. Bir ailənin, bir ocağın fonunda 30 illik ayrılığın vüsala qovuşduğu tarixi hadisəni ictimaiyyətə çatdıracaq tamaşalar hazırlanmır”.

İclas xarakterli tədbirlər lazım deyil

R.Sadıqov tamaşa və filmlərdən fərqli olaraq Zəfər tarixinə həsr edilən musiqilərin nisbətən çox olduğunu düşünür: “Musiqi janrında vəziyyət nisbətən yaxşıdır. Amma biz incəsənət adamlarından bu tariximizi diqqətdə saxlayacaq daha dəyərli nümunələrin ərsəyə gətirilməsini umuruq.

Bakı Xoreoqrafiya Akademiyasında son günlərdə keçirilən tədbirin konsepti məni valeh etdi. Tədbirdə tarixi zəfərin qəhrəmanları da yer alırdı. Zəfər Günü münasibətilə keçirilən tədbirlərin rəngarəngliyi önəmlidir. İclas xarakterli tədbirlər lazım deyil, daha yaradıcı, bədii tədbirlərə üstünlük verilməsi yaxşı olardı. Tədbirin mənəvi, vətənpərvərlik aşılayan tərəfi, duyğusu güclü olmalıdır”.

Keyfiyyətli musiqilər hələ ki azdır

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, xanəndə Mənsum İbrahimov isə deyir ki, Zəfərimizdən bu günə qədər qələbəmizə həsr edilən onlarla musiqi yazılıb: “Təbii ki, biz bu musiqilərin hər birinə keyfiyyətli deyə bilmərik. Onların içərisində az da olsa sanballı mahnılarımız var. Biz özümüz də Zəfər nəğməsi yazdıq. Bu mahnı cəmiyyət tərəfindən yaxşı qəbul edildi, sevildi. Bir çox mahnılar bizə təklif edildi, lakin mən onları bəyənmədim. Çünki hamısı bir-birinə oxşayırdı. Düşünürəm ki, Zəfərimiz bənzərsiz və tarixidir. Ona görə də, peşəkar, korifey musiqiçilərimiz, bəstəkarlarımız bu işə qol qoymalıdırlar. Müxtəlif musiqi əsərləri yazılmalıdır. Təəssüf ki, bu mövzudan bəhs edən keyfiyyətli musiqilər hələ ki azdır”.

“Örnək olacaq keyfiyyətli işlər görülməlidir”

Xalq artisti onu da qeyd edib ki, bu mövzuya səviyyəli, dərin mənalı şeirlər həsr edilməlidir: “Dərsliklərə baxırsan, qarşına bəzən elə şeir çıxır ki, təəssüflənirsən. Zəfər Gününə aid şeirlər çoxdur, amma keyfiyyətli misralar azdır. Biz elə böyük zəfər qazanmışıq ki, bu mövzuda kim hansı layihəni, şeiri, musiqini və ya filmi hazırlayırsa, əlindən gələnin ən gözəlini etməlidir. Biz xalq olaraq, dövlət olaraq tarixi qələbə qazanmışıq, bu, mütləq təbliğ edilməlidir. Gənc nəsil böyüyür, gələcək nəsillərə örnək olacaq keyfiyyətli işlər görülməlidir. Qarabağ ilə bağlı şeirlər, vətənə həsr edilən musiqilər, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın, şəhidlərimizin xatirəsinə həsr edilən filmlər hazırlanmalıdır”.

“Yaxşı müharibə filmi çəkmək üçün zaman lazımdır”

Rejissor, ssenarist, “Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov isə deyir ki, müharibəni və qələbəni əks etdirən dərin filmlərin ərsəyə gəlməsi hələ tezdir: “Bir deyim var ki, yaxşı müharibə filmi çəkmək üçün bir müddət keçməlidir. Şablon səslənsə də, həqiqətən belədir. Müharibəni müxtəlif rakurslardan təsvir etmək, ssenariləşdirmək asan iş deyil. Hətta zəfər qazanmazdan öncə də, biz filmlərimizdə Qarabağ mövzusuna toxunmuşuq. Həm bədii, həm sənədli, həm də qısametrajlı filmlərdə bu mövzuya geniş yer verilib. Filmlərin hər birinin sonunda zəfər, qalibiyyət ümidi duyulub. Bu filmlərin hər biri tamaşaçı tərəfindən maraqla, rəğbətlə qarşılanıb.

Tarixi Zəfər qazanıldıqdan sonra İctimai Televiziyanın dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında “Görünməz qəhrəmanlar” sənədli filmlər silsiləsi çəkilib. 2021-ci ildən bu günə qədər 10 film ərsəyə gətirilib. Təbii ki, burada danışılan döyüş hekayələrində çox maraqlı faktlar, tarixi anlar üzə çıxır və ssenariləşdirilir. Şübhə etmirəm ki, bu filmlər gələcəkdə tammetrajlı bədii filmlərin mövzusu olacaq”.

“Maliyyə dəstəyinə ehtiyacımız var”

R.Ələkbərov onu da vurğulayıb ki, xüsusilə döyüş, müharibə mövzusunda bədii filmlər üçün böyük məbləğdə maliyyə tələb olunur: “Bu filmlərin istehsalı üçün həm özəl təşkilatların, həm dövlət qurumlarının, həm də mədəniyyət sahəsində keyfiyyətli işlərin ərsəyə gəlməsində maraqlı olan hər bir vətəndaşımızın dəstəyinə ehtiyac var. Mən inanıram ki, hazırda əllərdə bədii film kimi istehsala buraxılması üçün maliyyə dəstəyini, rejissorunu gözləyən layihələr var. 2022-ci ildə Qarabağ mövzusunda film müsabiqəsi keçirilib. Müsabiqədə üç qalib seçilib. Həmin qaliblər, onların ssenariləri çəkiliş üçün maddi dəstək gözləyirlər”.

Share: