Çempionlar Liqası: “Qalatasaray” və “Mançester Yunayted” məğlub oldu

Çempionlar Liqası: “Qalatasaray” və “Mançester Yunayted” məğlub oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun qarşılaşmaları yekunlaşıb.

Oxu.Az xəbər verir ki, A qrupunda “Bavariya” “Qalatasaray”ı, “Kopenhagen” isə “Mançester Yunayted”i məğlub edib.

Almaniyada keçirilən qarşılaşmada hesabı 80-ci dəqiqədə H.Kane açıb. Altı dəqiqə sonra H.Kane növbəti dəfə fərqlənib. “Qalatasaray” yalnız 90+3-cü dəqiqədə C.Bakambu ilə təsəlli qolu vura bilib.

“Kopenhagen” – “Mançester Yunayted” oyununda isə qapıları yeddi qol vurulub 4:3.

R.Hoylund 3 və 28-ci dəqiqələrdə hesabı qonaqların xeyrinə 2:0-a çatdırıb. 42-ci dəqiqədə M.Reşford qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Hissənin sonunda 45-ci dəqiqədə M.Elyunusi və 45+9-cu dəqiqədə D.Qonçalveslə meydan sahibləri hesabı bərabərləşdiriblər.

İkinci hissədə ingilislər yenidən hesabda önə çıxıblar. 69-cu dəqiqədə B.Fernandes penalti zərbəsindən fərqlənib. “Kopenhagen” yenidən təşəbbüsə yiyələnərək 83-cü və 87-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.

Bu nəticələrdən sonra “Bavariya” 12 xalla qrup lideridir. Dörd xala sahib “Kopenhagen” və “Qalatasaray” müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Üç xalı olan “Mançester Yunayted” sonuncu pillənin sahibidir.

B qrupunda keçirilən hər iki qarşılaşmada da meydan sahibləri qalib gəliblər.

“Arsenal” doğma meydan “Sevilya”nı (2:0), PSV isə “Lans”ı (1:0) məğlub edib.

“Arsenal”ın heyətində 29-cu dəqiqədə L.Trossard fərqlənib. Son nöqtəni 64-cü dəqiqədə B.Saka qoyub.

PSV-nin heyətində isə L.D.Yonq 12-ci dəqiqədə komandasına qələbə gətirən qolu vurub.

Beləliklə, bu qrupda “Arsenal” 9 xalla birinci, PSV 5 xalla ikinci, “Lans” 5 xalla üçüncü, “Sevilya 2 xalla sonuncudur.

C qrupunda “Real Madrid” “Braqa”nı məğlub edib. 27-ci dəqiqədə B.Diaz, 58-də V.Juniyor, 61-ci dəqiqədə Rodriqo fərqləniblər – 3:0.

C qrupunda “Real Madrid” 12 xalla liderdir. İkinci “Napoli”nin yeddi, “Braqa” üç xalla üçüncü, “Yunion Berlin” bir xalla sonuncudur.

D qrupunda gecənin oyununda “İnter” səfərdə “Zaltsburq”u məğlub edib.

85-ci dəqiqədə L.Martinez penalti zərbəsindən görüşdə yeganə qolu vurub.

Bu oyundan sonra D qrupunda “Real Sosyedad” 10 xalla birinci, “İnter” eyni xalla ikinci, “Zaltsburq” üç xalla üçüncü, “Benfika” isə 0 xalla sonuncu pillədə qərarlaşıb.

23:58

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunda növbəti oyunlar keçirilib.

Bakı vaxtı ilə 21:45-də iki oyun start götürüb.

C qrupunda mübarizə aparan “Napoli” doğma meydanda “Yunion Berlin”lə heç-heçə edib 1:1.

Qolları 39-cu dəqiqədə M.Politano və 52-ci dəqiqədə D.Fofana vurublar.

Bu nəticə ilə xallarının sayını yeddiyə çatdıran “Napoli” ikinci pillədə qərarlaşıb. Almaniya təmsilçisi isə qrupda ilk xalını qazanıb və sonuncu sıradadır.

İspaniyada keçirilən qarşılaşmada isə “Real Sosyedad” “Benfika”nı məğlub edib 3:1.

Hesabı 6-cı dəqiqədə M.Merino açıb. 11-ci dəqiqədə M.Oyarzabal hesabı meydan sahiblərinin xeyrinə 2:0-a çatdırıb. 21-ci dəqiqədə ispanlar daha bir dəfə fərqləniblər. A.Barrenetxea qola imza atıb.

Qonaqlar yalnız 49-cu dəqiqədə R.Silvanın qolu ilə təsəlli tapıblar.

Bu nəticə ilə xallarının sayını 10-a çatdıran “Real Sosyedad” ilk pillədə qərarlaşıb. Qrupda keçirdiyi bütün oyunlarda məğlub olan “Benfika” isə müvafiq olaraq sonuncu sıradadır.

Share: